Növbəti diaqnostik qiymətləndirmə başa çatıb

Növbəti diaqnostik qiymətləndirmə başa çatıb
12:13 21 Dekabr 2015
182 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 16-dan 20-dək Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 9 minə yaxın müəllimin iştirak etdiyi diaqnostik qiymətləndirmə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. İmtahanlarda adı çəkilən bölgələr üzrə dəvət olunmuş müəllimlərin 99,04 faizi iştirak edib.
İmtahanlar bitdikdən sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər, Təhsil Nazirliyinin rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.
Növbəti diaqnostik qiymətləndirmə dekabrın 24-dən 26-dək Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Novbeti_diaqnostik_qiymetlendirme_basa_chatib-912877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR