Şərur, 21 dekabr, AZƏRTAC
Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində muxtar respublikanın muzeylərində çalışan bələdçilər üçün seminar-ekskursiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminar-ekskursiyada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey işçilərinin peşə hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlərin keçirilməsinin davam etdirildiyini bildirib.
Belə tədbirlərin təşkilində məqsəd muzey bələdçilərinin fəaliyyətini stimullaşdırmaq, onların peşə hazırlığını yüksəltmək, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda, muzeylər arasında qarşılıqlı əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.
Tədbir iştirakçıları muzey bələdçisinin təqdimatında muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra onlara bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.