Məzənnə əməliyyatının daşınmaz əmlak bazarına təsiri

Məzənnə əməliyyatının daşınmaz əmlak bazarına təsiri
15:32 21 Dekabr 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı qərarının daşınmaz əmlak bazarına təsiri çoxpilləli olacaq. Bura cari təsir, qısamüddətli təsir (gələcək 2 ay müddətə) və üzunmüddətli təsirlər daxildir.

Milli.Az xəbər verir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, cari təsir bazarın "şok" vəziyyətə düşməsidir: "Belə şəraitdə alıcılar və satıcılar çaşqınlıq vəziyyətinə düşürlər. Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və "behləşmə" aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satıcıların davranışı isə müxtəlif olacaq. Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq (manatla satılan əmlaklar), bir hissəsininki isə olduğu kimi qalacaq (əsasən dollarla satılan və qismən manatla satılanlar)".

Qısa və uzun müddətli təsir necə olacaq?

Ekspert qeyd edib ki, qısamüddətli təsir dövründə isə qiymətlər yeni tarazlıq səviyyəsini tapmağa çalışacaq: "Bu müddət ərzində qiymətlər oturuşmayana kimi bazarda mövcud qiymət dəyişiklikləri məntiqdən kənar olacaq. Buna görə də həmin qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz".

Uzunmüddətli təsir isə bazara təsir edən amillərdən asılı olacaq: "Buraya bir neçə amil daxildir: makroiqtisadi şərait, ipoteka kreditləşməsinin səviyyəsi, bank sektorunun vəziyyəti. Neftin qiymətlərinin təsiri artıq bazardan kənarlaşmağa başlayacaq".

Qiymətlər necə dəyişəcək?

R.Əliyev qiymətlərın hansı istiqamətə tuşlandığını da açıqlayıb: "Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarına məxsus sərbəst kapitalın (depozitlər, "yorğan altındakı vəsaitlər" və s.) tam əksəriyyəti dollar ifadəsindədir. Bu isə o deməkdir ki, vətəndaşlarımızın manat ifadəsində kapitalı təxminən 40 faiz ətrafında artdı. Bununla yanaşı, xaricdən qələn vəsaitlərin də manat ifadəsində artımı olacaq. Bu isə həmin vəsaitlərin bazardakı manat qiymətlərinin artımına təsir edəcək. Manat ifadəsində qiymətlərə eyni zamanda ipoteka kreditləşməsinin vəziyyəti və bank sektorundakı durum da təsir göstərəcək. O ki, qaldı qiymətlərin dollar ifadəsində dəyişməsinə, əvvəl də qeyd etmişdik ki, devalvasiya daşınmaz əmlakların dollar ifadəsində qiymətlərini azaldacaq".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR