Yapon dilində “İRS-Nisan” jurnalının növbəti nömrəsi nəşr olunub

Yapon dilində “İRS-Nisan” jurnalının növbəti nömrəsi nəşr olunub
11:23 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 22 dekabr, AZƏRTAC
Azərbaycan haqqında həqiqətlərin dünyada yayılmasında mühüm rol oynayan “İRS” jurnalının yapon dilində növbəti nömrəsi nəşr edilib.
Jurnalın baş redaktoru Musa Mərcanlının “İyun ayında Bakı Avropanın idman paytaxtına çevrildi” sərlövhəli məqaləsində “Bakı-2015” birinci Avropa Oyunları barədə yapon oxuculara ətraflı məlumat verilir.
Baş redaktor yazır: “Regional miqyaslı yeni idman tədbirinin təməlini hamı tərəfindən qəbul edilmiş idman dövlətləri deyil, məhz hələ gənc olan Azərbaycan dövləti qoydu. Azərbaycan hamıya sübut etdi ki, ən nüfuzlu beynəlxalq yarışları başqalarından yaxşı təşkil etməyə qadirdir”. Müəllif vurğulayır ki, birinci Avropa Oyunları hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi. Avropanın müxtəlif ölkələrindən Bakıya gələrək Azərbaycan mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olan qonaqlar mükəmməl təşkilatçılığa və qonaqpərvərliyə heyran qaldılar. Ölkəmiz haqqında bəlkə də əvvəllər çox qarışıq təsəvvürlərə malik olanlar Azərbaycandan unudulmaz təəssüratlarla qayıtdılar. Bu, Azərbaycanın ən böyük qələbəsidir.
Azərbaycan xalqının qonaqpərvərliyindən, idmançılarımızın qələbələrindən də ətraflı söz açan müəllif yazır: “Azərbaycan iyun ayının 17 günü ərzində idmansevərlərin diqqət mərkəzində oldu. Özü də təkcə Avropanın deyil. Hamı inandı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də yüksək mədəniyyəti, qonaqpərvərlik ənənələri olan bir ölkədir”.
Tanınmış rusiyalı jurnalisti Andrey Vasilyevin “On yeddi atəşli gün” məqaləsi də Avropanın idman həyatındakı bu möhtəşəm hadisəyə həsr edilib. Oyunların yüksək səviyyəli təşkilinə diqqət çəkən rusiyalı jurnalist yazır: “Azərbaycan geniş əhatəli idman tədbirini parlaq şəkildə keçirməklə, təşkilatçılıq imkanlarını, iqtisadi potensialını, səmimiliyini və bütün sahələrdə beynəlxalq əməkdaşlığa hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Hər şey göz qabağında idi: Bakıya Avropa Oyunları ilə əlaqədar gələn turistlər Azərbaycan paytaxtını heyranlıqla tərk edirdilər. Bu şəhər insanları yaxşı mənada təəccübləndirdi, özünü sevdirdi, onları özünə vurğun etdi. Özü də bu, o dərəcədə təbii və üzvi surətdə baş verdi ki, hər hansı idman bayramında yaranan tamamilə təbii ani məftunluq hissi Bakının hər bir qonağında nəzərə çarpmadan bütün ömür boyu davam edən bir məhəbbətə çevrildi. Axı, başqa cür ola da bilməzdi”.
Bakıda idman bayramının başlıca yekununun heç də mükafatlar olmadığını qeyd edən müəllif sonda yazır: “Bakıda birinci Avropa Oyunları idman tarixində ən parlaq hadisələrdən biri kimi yadda qalacaq. Bu on yeddi gün bütün dünyanın azarkeşləri və idmansevərləri üçün əsl bayram oldu. Gərgin mübarizə şəraitində keçən on yeddi gün və parlaq qələbələr. Odlar Yurdunda 17 atəşli gün”.
Rusiyalı jurnalistin məqaləsi ilə yanaşı, “Bakı-Avropanın idman paytaxtı” və əlcəzairli jurnalist Fadela Birdin “Azərbaycanı kəşf edərkən” məqalələrində də idman tarixində ilk dəfə ölkəmizdə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək təşkilatçılığı, möhtəşəmliyi ilə yaddaşlara yazıldığı vurğulanır.
Jurnalda xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların predmeti olmayıb və olmayacaq” adlı müsahibəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yapon oxucuların daha ətraflı məlumatlandırılmasında mühüm mənbə rolunu oynayacaq. Münaqişə barədə ətraflı məlumat verən E.Məmmədyarov problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edir.
Jurnalda Hiroşimadan götürülmüş “Sülh naminə Daş” xatirə simvolunun Azərbaycanda təqdimatına həsr olunan məqalə də yer alıb. Məqalədə qeyd edilir ki, keçmiş sovet respublikaları arasında zəngin təbii sərvətləri ilə seçilən Azərbaycan oktyabrın 16-da Hiroşimadan gətirilmiş “Sülh naminə Daş” xatirə simvolunu qəbul edib. 1945-ci ildə ABŞ tərəfindən atom bombardmanına məruz qalmış yapon şəhərindən götürülmüş və üzərində buddist xeyirxahlıq ilahəsinin təsviri olan xatirə simvolu Azərbaycan hökumətinə Milli İncəsənət Muzeyində təşkil edilmiş mərasimdə təqdim olunub. Məqalədə qeyd edilir ki, “Sülh naminə Daş” xatirə simvolunun qəbulu qlobal sülhün bərqərar olması istiqamətində Azərbaycanın fəal səylərini rəmzləşdirir.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi vurğulayıb ki, “Sülh daşı” Azərbaycan və Yaponiya arasında əlaqələrin gələcək inkişafı istiqamətində növbəti addım olacaq.
Yapon oxucular jurnalın növbəti nömrəsində Sara Cahangirovanın “Qarabağın silah ustaları”, İzmira Quliyevanın “Səyyahlar Azərbaycan ipəyi haqqında” məqalələri ilə də tanış olacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yapon_dilinde_IRS_Nisan_jurnalinin_novbeti_nomresi_nesr_olunub-913184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR