“Möcüzəli ünsiyyət” festivalı keçiriləcək

“Möcüzəli ünsiyyət” festivalı keçiriləcək
15:28 22 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Gələn ilin yanvarında İsmayıllı rayonunda “Möcüzəli ünsiyyət” festivalı təşkil olunacaq. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, “İrəli” İctimai Birliyinin təşkilatı dəstəyi ilə keçiriləcək.
“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, festival insanların mütaliə vasitəsilə dünyagörüşünün artırılmasına, özünüifadənin və ünsiyyətin inkişafına müsbət təsirləri təbliğ edəcək.
Festival “Kitaba çağırış” görüşü ilə başlayacaq. Sonra layihənin xüsusi devizi olan “Kitab ünsiyyət vasitəsidir” adı altında qurulacaq stendlərdə “Sürətli oxunuş”, “Müəllifdən məktub”, “Özünü ifadə et!”, “Kitabını özün seç” və “Möcüzəli ünsiyyət” və s. viktorinaların keçirilməsi nəzərdə tutulur. Festival “Oxucu mədəniyyəti” adı altında keçiriləcək aksiya ilə başa çatacaq.
Tədbirə hazırlıq zamanı “Kitab mədəniyyət beşiyi” və “Bəşər həyatında qalacaq miras” adlı sosial çarxların çəkilişi, eyni zamanda, bir sıra yazıçılardan videomüsahibələrin götürülməsi nəzərdə tutulub. Gənclər layihənin gedişatı barədə mütəmadi məlumat əldə etmək üçün https://www.facebook.com/MiracleCommunication facebook səhifəsini ziyarət edə bilərlər. Layihənin əsas məqsədi gəncləri mütaliəyə təşviq edərək, onların bədii və elmi ədəbiyyata maraqlarını artırmaqdır.
Festival zamanı təqdim olunacaq kitabların sərlövhəsindən ibarət kataloqlar gənclərin ünsiyyət bələdçisinə çevriləcək. Onu da qeyd edək ki, “İrəli” İctimai Birliyi ilə yanaşı, Kitabevim.az e-mağazası da layihənin tərəfdaşıdır.
Qeyd olunub ki, “Möcüzəli ünsiyyət” festivalı layihəsinin rəhbəri AzGF-nin 7-ci qrant müsabiqəsinin qalibi Rauf Əliyevdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mocuzeli_unsiyyet_festivali_kechirilecek-913297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR