Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Allah sizin hacətinizi bilir, amma istəyir ki...

Allah sizin hacətinizi bilir, amma istəyir ki...

Date: 22 December 2015 22:17

"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm". ("Bəqərə" 186).
Bu ayə buyurur ki, Allah Təala bəndəsinin duasını eşidir və onu qəbul edir. Həmçinin duanın Allah yanındakı məqamından bəhs edir və ibadətlərin ən üstünü hesab edir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi: "Dua - ibadətin məğzidir". 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, duanın fəzilətləri çoxdur və onlardan bəzisinə işarə edək:
1. Ən üstün ibadətdir. İmam Baqirdən (ə) soruşurlar ki, ən üstün ibadət hansıdır? Buyurur: "Heç bir şey Allah Təaladan hacət istəmək qədər üstün deyildir". Həzrətə (ə) sual verirlər ki, Quran oxumaq fəzilətlidir, yoxsa dua etmək? Həzrət (ə) buyurur: "Çoxlu dua etmək daha üstündür. Çünki Allah bir ayədə buyurur ki, əgər dua etməsəniz, sizə diqqət etmərəm". (Furqan" 77). İmam Sadiq (ə) buyurur:"Çoxlu dua edin, çünki müsəlman hacətinin yerinə yetməsi üçün duadan üstün vasitə tapmayacaqdır. O şeyi istəyin ki, Allah ona icazə vermişdir. Allahın dəvətinə "Ləbbeyk!" deyin ki, İlahi əzabdan nicat tapasınız".
2. Rəhmət açarıdır. Allah Təala kainatların həqiqi Malikidir və bütün məxluqların ruzisini O, verər. Nemətlərin çoxunu bəndələrinə onlar istəməmişdən əvvəl vermişdir. Ancaq Allahın İlahi xəzinəsi sonsuzdur və bəndə Allahın bu xəzinəsindən bacardığı qədər istifadə edə bilər. İmam Əli (ə) buyurur: "Bu İlahi rəhmətin açarı - duadır".
3. Yerlə göyün nurudur. Peyğəmbər (s) buyurur: "Dua yerlə göyün nurudur.".
4. Allah yanında ən sevimli əməldir. Əmirəl-möminin (ə) buyurur: "Yer üzündə Allah yanında ən sevimli əməl - duadır". Allah Öz bəndələrinə qarşı müştaqdır. Ona görə də istəyir ki, bəndələrini Onunla münacat və dua edən zaman görsün. İmam Sadiq (ə) buyurur: "Allah sizin hacətinizi bilir, amma istəyir ki, bəndəsi hacətini Ona desin".
5. Möminin silahıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin silahı - duadır". Əgər mömin Allahla rabitəsini qırmasa, heç bir zaman çətinliyə və müşkülə düşməz. Bu rabitənin vasitəsi isə duadır. İmam Sadiq (ə) buyurur: "Dua nizədən daha iti və daha kəsicidir".
6. Dərdlərin şəfasıdır. İmam Sadiq (ə) buyurur: "Sizə duanı tövsiyə edirəm, çünki dua bütün dərdlərin şəfasıdır".
7. Qaranlıqların çırağıdır. Əmirəl-möminin (ə) buyurur: "Dua - qaranlıqların çırağıdır".
Hədislərimiz bizə tövsiyə edir ki, ayaqqabı bağından tutmuş, yeməyin duzuna qədər Allahdan istəyək və Ona dua edək. Əgər insan özünü bu qədər zəif və aciz görərsə, əməli tövhidə çatmış olar. Çünki həyatında Allahdan başqasını təsiredici və yerinə yetirən görmür. Hədislərimizdən belə nəticə çıxartmaq olar ki, bəndə Allaha dua etməlidir, əgər etməzsə, cəhənnəmə daxil olar. Çünki bu insan üçün Allah müstəqil varlıq hesab olunmamışdır və Allaha şirk etmişdir. O kəs ki, Allahdan deyil, məxluqlardan hacətini istəyər - Allah onun hacətini yerinə yetirməz. Halbuki, insanların bütün ehtiyacları xalis dua ilə həyata keçə bilər.
Milli.Az


Tags:  Allah sizin hacətinizi bilir istəyir


RƏYLƏR


Top news