Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Devalvasiyanın əhaliyə təsirini azaltmaq üçün 3 TƏKLİF

Devalvasiyanın əhaliyə təsirini azaltmaq üçün 3 TƏKLİF

Date: 23 December 2015 00:05

Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi qərar radikal devalvasiyadır. Bu qərar nəticəsində manat dollar qarşısında birdən-birə 50 qəpik ucuzlaşıb və proses davam etməkdədir. AMB bu qərarı tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması ilə izah edib. Sadə dildə desək, söhbət ondan gedir ki, dünyada neftin ucuzlaşması səbəbindən Azərbaycanda makroiqtisadi tarazlıq pozulub, ölkəyə lazımı səviyyədə valyuta kütləsi gəlmir, nəticədə valyuta bazarında dollara tələbat təklifdən kəskin yüksək olub.
 
Milli.Az APa-ya istinadən bildirir ki, dolların bahalaşmaması üçün AMB bir müddət bazara valyuta intervensiyaları edib, bu isə ölkənin valyuta ehtiyatlarını azaldıb. Bu ilin fevralında AMB devalvasiya keçirərək manatın məzənnəsini 1 dollara görə 0,78 manatdan 1,05 manatadək qaldırıb. O zaman bu addımın problemləri aradan qaldırmaq üçün yetərli olacağına ümid bəslənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Dolların bahalaşma tendensiyası aradan qalxmadı və bu, bazara növbəti valyuta intervensiyalarını labüd etdi. Ehtiyatların azalması isə sonda Mərkəzi Bankın manatın məzənnəsini sərbəst buraxması ilə nəticələndi.
 
Ölkənin üzən məzənnəyə keçidi təbii olaraq qiymətlərin artmasına gətirib çıxaracaq, əhalinin alıcılıq qabiliyyəti isə faktiki olaraq devalvasiya proporsiyasında azalacaq. Hesablamalara görə, ancaq ölkəyə idxal olunan malların bahalaşa biləcəyi ehtimal olunur. Hətta demək olar ki, əhalinin xərclərinin əsas hissəsini təşkil edən ərzaq məhsullarının əksəriyyəti bahalaşmamalıdır. Əsaslandırma isə belədir - məsələn, bu ilin 9 ayı ərzində əhali tərəfindən 9 mlrd. manat həcmində ərzaq, tütün və içki məmulatları alınıb və bu xərclərin əksər hissəsi ərzaq alınmasına sərf olunub. Eyni zamanda ölkənin tədiyyə balansına əsasən, həmin müddət ərzində Azərbaycana cəmi 840 mln. dollar həcmində ərzaq məhsulu idxal olunub. Bu rəqəmlərdən aydın görünür ki, ölkədə satıb-alınan ərzaq məhsullarının 80-90%-i yerli istehsaldır və dolların bahalaşması səbəbindən bu məhsulların qiyməti BAHALAŞMAMALIDIR.
 
Lakin bir məqam var ki, ölkədə adətən yerli mallar idxal mallarla bərabər bahalaşır, amma bu bahalaşma obyektiv səbəblərdən deyil, psixoloji və spekulyativ amillərin təsiri altında baş verir. Dövlət orqanları bu sahədə nəzarəti gücləndirməklə, cəzalar tətbiq etməklə bahalaşmanın qarşısını ala bilər və almalıdır.
 
Digər çox vacib amil valyuta kreditlərin ödənilməsidir. Valyuta kreditləri manat ifadəsində bir gün ərzində təxminən 1,5 dəfə bahalaşıb. Yəni devalvasiyadan sonra, məsələn, 1 000 dollarlıq kreditin əsas məbləği 1 050 manat təşkil edirdisə, hazırda bu rəqəm 1 550 manata bərabərdir. Aşkar görünür ki, belə kreditlərin ödənilməsində bankları son dərəcə kəskin problemlər gözləyir, sadə dildə desək, ödəmələrin həcmi kəskin azalacaq. Nə qədər təəssüf doğursa da, bu, qaçılmaz prosesdir. Azərbaycanda təxminən 7,3 mlrd. manat həcmində valyutada olan kreditlər var. Bu ümumi bank sistemi üzrə kredit portfelinin 39-40% deməkdir. Əgər bu həcm üzrə, heç olmasa onun nəzərə çarpan dərəcədə olan hissəsi üzrə ödəməmələr baş versə, bank sistemində böhran yaşana bilər.
 
Problemdən çıxış yolu kimi mümkün variantlardan biri üzən məzənnəyə keçid qərarınadək götürülmüş valyuta kreditlərinin dekabrın 21-dək olan məzənnə üzrə geri qaytarılma imkanının yaradılmasıdır. Azərbaycan Mərkəzi Bankı müvafiq qərar qəbul etməklə, bu məsələni inzibati qaydada həll edə bilər. Çünki başqa variant yoxdur. Tam əmin olmaq olar ki, bir-iki aydan sonra, banklarda vaxtı keçmiş valyuta kreditlərin həcmi kəskin artanda, banklar özləri razı olacaqlar ki, vətəndaşlar bu kreditləri heç olmasa "devalvasiyadan əvvəlki kurs üzrə qaytarsınlar.
 
Digər bir variant həcmi 5 min dollaradək olan kreditlərə "dolayı amnistiya" tətbiq olunmasıdır. Yəni, kredit borclarının dekabrın 21-dən əvvəlki kurs üzrə ödəniş bütün borclara deyil, yalnız 5 minədək olan kredit borclarına şamil edilir. Onsuz da kredit portfelində 5 minədək kreditlərin həcmi kifayət qədərdir, üstəlik vətəndaşların böyük hissəsi məhz bu məbləğdə kredit götürüb.
 
Nəhayət, üçüncü istiqamət əmək haqqı və pensiyalarla bağlıdır. Həm əmək haqları, həm pensiyaların indeksləşdirilməsi vacibdir. Hər ilin əvvəlində pensiyalar əvvəlki ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir, bir azdan onsuz da dövlət prosedur qaydasında indeksləşdirmə həyata keçirəcək. Nəzərə almaq lazımdır ki, devalvasiya nəticəsində neftdən gələn gəlirlər manat ifadəsində 1,5 dəfə artıb. Bu gəlirlər sosial sarsıntıları pensiya və əmək haqlarının indeksləşdirilməsi hesabına kompensasiya etməyə imkan yaradır. Sadə desək, əgər neft satışından əldə olunan hər dollar ölkə daxilində 1,05 manata çevrilirdisə, indi bu rəqəm 1,55 manat təşkil edəcək. Buna görə də dövlət sosial problemlərin həlli üçün vəsait əldə edəcək.
 
Beləliklə, devalvasiyanın əhali üçün ağrılı keçməməsi üçün 3 mümkün addım görünür:
 
Birincisi, ticarət sektorunda, ilk növbədə ərzaq satışı sahəsində nəzarət və cəza mexanizmləri gücləndirilməlidir. Eyni zamanda satışlarda möhtəkirlik meyllərinin qarşısı alınmalıdır. Məsələn, bəzi avtomobil şirkətləri artıq dünənə qədər salonlarda manatla yazdıqları maşın qiymətlərini bu gün dollarla əvəz ediblər.
 
İkincisi, banklar valyuta kreditləri üzrə ödəmələrin dekabrın 20-nə olan məzənnə üzrə aparılması istiqamətində təkliflər paketi hazırlamalıdır.
 
Üçüncüsü, əmək haqqı və pensiyalar indeksləşməsi məsələsi ilə bağlı təkliflər hazırlanmalıdır.
 
Bütün bu təkliflər isə devalvasiyanın ümumilikdə ağrısız keçirilməsi və ya daha az itki ilə ötüşdürülməsi üçün immunitet yarada bilər.
Milli.Az


Tags:  Devalvasiyanın əhaliyə təsirini azaltmaq TƏKLİF


RƏYLƏR


Top news