Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal rol oynaması zəruridir

Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal rol oynaması zəruridir

Date: 23 December 2015 04:23


Bakı, 23 dekabr, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birlikdə “Gənclər narkomaniyaya yox deyir!” adlı tədbir keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə rayon narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının cari il ərzində icra etdiyi işlər barədə məlumat verilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirilib ki, narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda müzakirələr təşkil edilib. Bu il ərzində yeniyetmə və gənclər arasında narkomanlığın qarşısının alınması və onların digər neqativ hallardan uzaq olması üçün məktəblərdə maarifləndirə işləri aparılıb.
Noyabr-dekabr aylarında rayon ərazisindəki bir sıra məktəblərdə keçirilən tədbirlərdə narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə fəsadlar vurduğundan, həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi qeyd edilib.
Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi Vüsal Rəhimov hüquq mühafizə orqanları tərəfindən narkotiklərlə əlaqəli aşkarlanmış cinayətlər və qanunsuz dövriyyədən müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları barədə məlumat verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə danışıb.
Tədbirdə Dövlət Komissiyasının sifarişi ilə istehsal olunmuş “Mayak” filminə baxış keçirilib.


Tags:  Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər üzvünün fəal rol oynaması zəruridir


RƏYLƏR


Top news