“Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib

“Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib
16:28 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçirilib.
İcra hakimiyyətinin Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı ilə birgə təşkil etdiyi tədbirdə rayon rəhbərliyi ilə yanaşı, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm, mədəniyyət, din xadimləri, gənclər, veteranlar, YAP Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək deyib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.
Qeyd edilib ki, Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
“Dəyirmi masa”da YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə həsr olunan məruzələrlə çıxış ediblər.
Sonda “dəyirmi masa” iştirakçıları adından bəyanat qəbul olunub, çıxışların bir daha işlənərək kitab şəklində hazırlanması qərara alınıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev___Azerbaycan_dunen_bu_gun_ve_sabah_movzusunda_deyirmi_masa_kechirilib-913674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR