Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Qarabağ mövzusunda yeni filmlərin təqdimatı olub

Bakıda Qarabağ mövzusunda yeni filmlərin təqdimatı olub

Date: 23 December 2015 16:33


Bakı, 23 dekabr, Səxavət Quliyev, Həsrət Mahmudova, AZƏRTAC
“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin dekabrın 23-də təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. Elektron məhsulların hazırlanmasında məqsəd ölkəmizlə bağlı həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov mərkəzin 2013-cü ildən təqdim etdiyi elektron məhsulların əhəmiyyətini qeyd edib. Bildirib ki, mərkəzin qarşısında daha mühüm layihələrin icrası durur. Ölkə gənclərinin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu məhsullar çox mühüm rol oynayır. Son dövrdə dünyada baş verən dəyişikliklər və yaranan yeni çağırışlar belə filmlərin hazırlanmasının əhəmiyyətini daha da artırır. Ölkə gənclərinin fəallığının artırılmasının başlıca məqsədlərdən olduğunu vurğulayan nazir onların məlumatlandırılmasında və inkişafında belə layihələrin vacibliyini xüsusi qeyd edib.
Sonra “Qarabağ atı” animasiya filmi təqdim olunub. Xalq Şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında çəkilən “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaq məqsədini daşıyır.
Azərbaycan və ingilis dillərində hazırlanan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ağdamın tarixi abidələrinin, meydan və küçələrinin qrafik təsvirlə canlandırıldığı filmdə tamaşaçı virtual səyahətə çıxır.
“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsinə əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, həmin abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, bu barədə gənclərin məlumatlılığının artırılmasıdır.














Tags:  Bakıda Qarabağ mövzusunda yeni filmlərin təqdimatı olub



RƏYLƏR


Top news