Cəbhə bölgəsində həkim məntəqəsi istifadəyə verilib VİDEO

Cəbhə bölgəsində həkim məntəqəsi istifadəyə verilib   VİDEO
13:23 24 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 24 dekabr, AZƏRTAC
Tərtər rayonunun cəbhə zonasında yerləşən Qapanlı kəndində yeni inşa olunmuş həkim məntəqəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə kənd sakinlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, kənd sakinlərini həkim məntəqəsinin istifadəyə verilməsi, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, rayonda həyata keçirilən sosial layihələrdən, cəbhəyanı kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə görülən işlərdən danışıb.
Bildirilib ki, rayonun cəbhə xəttində yerləşən digər kəndləri kimi, Qapanlı kəndi də dövlətin hərtəfli qayğısı ilə əhatə olunub. Kənddəki hər bir ev içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub. Kəndin elektrik xətləri dəyişdirilərək, müasir SİP kabellərlə yenilənib. 128 nömrə tutumlu elektron avtomat telefon stansiyası tikilərək, mənzillərə telefon xətləri çəkilib və internetlə təmin olunub. Kənddə 240 şagird yerlik orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər yenidən tikilib və ya bərpa edilib. Kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına istinad divarı çəkilib.
Qapanlı kəndində həyat öz axarı ilə davam edir. Düşmənlə üzbəüz atəş altında yaşayan sakinlər Azərbaycan ordusuna güvənərək, gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin baş meneceri Əhməd Əhmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxışlarında cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Çıxış edən sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebhe_bolgesinde_hekim_menteqesi_istifadeye_verilib_VIDEO-913934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR