Devalvasiya Şaxta babaları dondurdu

Devalvasiya Şaxta babaları dondurdu
17:36 24 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişini simvolizə edən Şaxta baba və Qar qızlar sabahdan iş başına keçəcək, paytaxtın müxtəlif məkanlarında qurulan Yeni il küknarlarının yanında balacaları sevindirməyə çalışacaq.

Bu barədə ANS PRESS-ə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verdi.

Yeni il ərəfəsində məhz bu obrazlarda fəaliyyət göstərmək istəyən 12 nəfər adıçəkilən departamentə müraciət edib. Əliabbas Bağırov bu il müraciət edənlərin sayının az olduğunu dedi.

“ Bu, onunla bağlı ola bilər ki, əvvəllər onlarla bərabər fotoqraflar da bizdən iş alırdı. Amma indi vətəndaşların özlərinin daha çox mobil telefonlarla çəkiliş aparması halları çox olduğu üçün fotoqrafların bu işə marağı azalıb, müraciət edən olmayıb. Bu da elə Şaxta baba kimi işləyən şəxslərin də qazancına təsir etdiyi üçün fikrimcə, bu baxımdan müraciətlər azalıb”.

Əliabbas Bağırov işləmək istəyən Şaxta babaların sayının azalmasına həm də son günlər ölkədə baş verən iqtisadi proseslərin təsir etdiyini vurğuladı.




Şaxta baba-Qar qızlar yanvarın 13-nə kimi işləyəcəklər. Yeni ilin bu obrazlarında uşaqların qarşısına çıxmaq fiziki şəxslərə 60 manata başa gələcək.

Ölkədə bu sahədə biznesə maraq son 7-8 ildə diqqət çəkir. Əvvəllər Yeni il ərəfəsində paytaxtda Şaxta baba kimi fəaliyyət göstərmək üçün əksəriyyəti gənclər olmaqla insanların böyük marağı hiss olunurdu. Məsələn, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə 2013-cü ildə 50 nəfər, 2014-cü ildə isə 31 nəfər müraciət etmişdi.

Digər ölkələrdə də Yeni il bayramı günlərində bir çox insanlar uşaqlara hədiyyə verməklə və onların sevimli Şaxta babası olmaqla gəlir əldə edirlər. Məsələn, Rusiyada bu obrazda işləmək üçün müxtəlif agentliklər var ki, fiziki vətəndaşlar onlara müraciət edir. Şaxta baba gəlirin 50 faizinin bölünməsi şərti ilə agentliklə müqavilə bağlayır.

Məsələn, Şaxta baba dəvət olunan yerdə bir saat üçün 4000 rubl (89 AZN) qazanırsa, onun yalnız 2000 (44 AZN) rublu ona çatır. Onu da deyək ki, Rusiyada Yeni il daha təmtəraqlı qeyd olunduğu üçün dekabrın son həftəsi Şaxta babalar üçün daha gərgin və qazanclı olur. Hətta Yeni ilə sayılı saatlar qalan zaman sifarişlərdən əldə olunan gəlir 50 000 rubla (1115 AZN ) da çata bilir.


Rusiyada Şaxta baba bağçada


Görünür Yeni ilin gəlişi ərəfəsində baş verən devalvasiya Şaxta babaların da yaxşı pul qazanmaq istəyini puç edir. Səhərdən axşama qədər soyuq havada dayanıb uşaqların əyləncəsinə xidmət etmək asan iş görünməsin. Bunun üçün fiziki möhkəmliklə yanaşı, səbr və intellekt də tələb olunur. Bütün bunların müqabilində az gəlir isə Yeni il Ağsaqqalı olmaq marağını azaldır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR