Yazıçının 4 kitabının təqdimatı keçirilib

Yazıçının 4 kitabının təqdimatı keçirilib
17:58 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Kitabevim.az” kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı 4 kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kitabevim.az”ın direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açıb. Bildirib ki, o, müasir yazarlar arasında yaradıcılığının çoxsahəli olması ilə seçilir. Yazıçı-publisist nəsr əsərlərindən başqa, qələmini nəzmdə də sınayıb, şeirlər, qəzəllər yazıb, əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Bugünədək səkkiz kitabı dərc edilib.
Vurğulanıb ki, yazıçı və şair kimi əsərləri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən İ.Fəhmi "Axırıncı qatar", "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa əsərlərinə yazdığı ssenariləri ilə də rejissorların diqqətini çəkib, ekran həyatı yaşayıb. Onun bir sıra dramları Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
Yazıçının qələm dostları Mail Yaqub, Arif Buzovnalı, Qəşəm Nəcəfzadə, Aydınxan Əbilov, Mahcamal və başqaları onun yaradıcılığındakı rəngarəngliyi təfəkkürünün zənginliyi və həyata nikbin baxışı əlaqələndiriblər.
Bildirilib ki, İ.Fəhmi gənc yaşlarından ədəbi ictimaiyyətin diqqətini cəlb edib, 2003-cü ildə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən poeziya yarışının diplomuna, 2011-ci ildə isə “Bakı tarixindən kollaj” əsərinə görə "Humay" mükafatına layiq görülüb. Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən yazıçı-publisist “XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlq edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.
Sonda yeni şeirlərini oxuyan İ.Fəhmi imzası ilə kitablarını oxuculara təqdim edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yazichinin_4_kitabinin_teqdimati_kechirilib-914078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR