Qızıl bazarında qiymətlər kəllə-çarxa çıxdı

Qızıl bazarında qiymətlər kəllə-çarxa çıxdı
10:26 25 Dekabr 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların 50%-ə yaxın qalxması bir çox sahələr kimi qızıl bazarına da təsirsiz ötüşməyib. Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb.

ANS PRESS-in məlumatına görə, Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50% -ə yaxın qalxıb. Apardığımız sorğu-sualdan aydın oldu ki, qızıla olan təlabət əvvəlki günlərə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.



Satıcı, eyni zamanda, zərgər Kənan Babayev deyir ki, bazarda alıcı qüvvəsi xeyli azalıb:

"Birinci devalvasiyadan sonra onsuzda qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar ki, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində, camaatı da başa düşürük. Amma belə olmaz,axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa, icarə haqqını, vergi pulunu azaltsınlar", - deyə Kənan Babayev əlavə etdi.

Digər qızıl satıcıları da vəziyyətin heç də ürəkaçan olmadığını dedilər. Hamı alıcıların sayının xeyli azaldığından, alverin olmamasından şikayət edir. Piştaxtalarda şüşə altında bərq buran brilliantların qiymətində də xeyli artımın olduğunun şahidi oluruq.



Qızılın devalvasiyadan əvvəl və sonrakı qiymət fərqləri

Qızıl almaq istəyən Nazilə İsmayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir.

"Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy, gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq", - deyə alıcı bildirib.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi:

"Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. İndi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil", - deyə Samir Əliyev bildirdi.


Samir Əliyev - iqtisadçı ekspert

Əgər əvvəllər insanlar qızıla pul yatırmaqdan çəkinmirdilərsə, bu gün bunu etmək bir qədər çətindir. İndi hər kəs qızıldan daha çox digər qida, geyim və digər tələbatlarını ödəməyi düşünür. Xüsusən qida bazarında da qiymətlərin qalxması insanların vəziyyətlərin çətinləşdirir. Amma toy edənlər, qızıl almaq məcburiyyətində qalır. Qızıl sata bilməyənlər isə icarə haqqını verməklə bağlı problemlər yaranır. Odur ki, həm satıcı, həm də alıcının istəklərini nəzərə alıb, bu sahədə də müəyyən güzəştlərin tətbiqi arzuolunandır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR