Naxçıvanda tanınmış rəssam Əşrəf Heybətovun fərdi sərgisi açılıb

Naxçıvanda tanınmış rəssam Əşrəf Heybətovun fərdi sərgisi açılıb
20:33 25 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 25 dekabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar Rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açılıb. Sərgidə rəssamın 45 əsəri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, tanınmış rəssamın 65 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, İran İslam Respublikasının Naxçıvandakı konsulluğunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafına paralel olaraq, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən Rəssamlar Birliyini də əhatə edib.
Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvanda mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərilir. 1999-cu ildən “Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı” fəxri adının təsis edilməsi, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, 2013-cü ildə Rəssamlar Birliyinin yeni binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsi, “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarının yüksək səviyyədə keçirilməsi bunun əyani sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il noyabrın 14-də imzaladığı “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncam da muxtar respublikada rəssamlığın inkişafına göstərilən yüksək dövlət qayğısının növbəti nümunəsidir.
Azərbaycanın tanınmış rəssamı Əşrəf Heybətov barədə danışan Ülviyyə Həmzəyeva deyib ki, yubilyar ictimai həyatda da fəallığı ilə daim seçilib. O, 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvüdür. Rəssamın 60 illik yubileyində dövlətimizin başçısı İlham Əliyev tərəfindən ona mənzil hədiyyə edilib. Hazırda bu mənzildə rəssamın əsərləri və fərdi kolleksiyasının bir qismi sərgilənir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Əşrəf Heybətovu 65 illik yubileyi münasibəti ilə təbrik edbi, ona yaradıcılıq uğurları arzulayıb.
Muxtar Respublikanın mədəniyyət və turizm naziri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova bildirib ki, ulu öndər Heydər Əliyev mədəniyyətimizin, incəsənətimizin inkişafında tarixi xidmətlər göstərib. Onun siyasi xətti bu gün müstəqil Azərbaycan Respublikasında və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimiz təbliğ edilir, mədəniyyətimizin, incəsənətimizin inkişafına xüsusi diqqət göstərilir. Muxtar respublikada yaradılan əlverişli şərait nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, onların fəaliyyəti daha da genişlənir, məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgilər, eyni zamanda rəssamlarımızın fərdi sərgiləri təşkil olunur.
Natəvan Qədimova qeyd edib ki, hər bir istedadlı rəssamın yaratdığı rəsm əsəri, eyni zamanda, onun geniş mənəvi dünyasını və yüksək intellektini əks etdirir. Bu mənada Əşrəf Heybətovun rəsm əsərləri professional rəssamlığın nümunələri kimi diqqəti cəlb edir. Nazir rəssamı 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev və Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildiriblər ki, Əşrəf Heybətov uzun illər xaricdə yaşasa da vətəninə, xalqına, milli-mənəvi dəyərlərə daim sədaqət nümunəsi göstərib, yaratdığı əsərlərdə milli ornamentlər üstünlük təşkil edib. Onun dərin məzmunlu, kompozisiya cəhətdən mürəkkəb və eyni zamanda, mənalı rəsm əsərləri həmişə rəğbətlə qarşılanır.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva rəssama Birliyin xatirə plaketini təqdim edib.
Sonda sərgiyə baxış olub.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_taninmis_ressam_Asref_Heybetovun_ferdi_sergisi_achilib-914515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR