Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan kinematoqrafının döyünən ürəyi

Azərbaycan kinematoqrafının döyünən ürəyi

Date: 25 December 2015 22:33


Bakı, 25 dekabr, Aişə Axundova, AZƏRTAC
Dekabrın 25-də Dövlət Film Fondunda Azərbaycanın Xalq Artisti, rejissor, yazıçı və ssenarist Həsən Seyidbəylinin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, kino tənqidçisi və rejissor Ayaz Salayev, Azərbaycanın Xalq Artisti Şəfiqə Məmmədova, aktrisa Xalidə Quliyeva çıxış edərək rejissorun istedadından, novatorluğundan, Azərbaycan kinematoqrafına yeni nəfəs gətirməsindən, milli kinonu yeni məna və məzmunla zənginləşdirməsindən söhbət açıb, onun haqqında xatirələrini bölüşüblər.
Məlumat verilib ki, Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda doğulub. O, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda təhsil alıb. 1943-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissorluğu fakültəsində (Sergey Eyzenşteyn və Qriqori Kozintsevin emalatxanasında) təhsilini davam etdirib. 1942-ci ildə ədəbiyyat aləminə ciddi nasir və ssenarist kimi daxil olub.
Qeyd edilib ki, rejissorun çəkdiyi “Telefonçu qız”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi” və digər filmlər Azərbaycan kinosunun klassikasıdır. Bu filmlər romantika və humanizmlə doludur. Tamaşaçı qarşısında sadə insanların mənəvi dünyasını incəliklə və səmimiyyətlə açan bu ekran əsərləri Azərbaycan neorealizminin ən yaxşı nümunələridir. Təəssüf ki, çoxlu yaradıcı planları olan rejissor 59 yaşında qəflətən ürəktutmadan vəfat edib.
Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda sənətkarın qızı Məryəm Seyidbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığına bildirib. O, Dövlət Film Fonduna atasının əlyazmalarını və nadir şəkillərini hədiyyə edib.


Tags:  Azərbaycan kinematoqrafının döyünən ürəyi


RƏYLƏR


Top news