Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Banklar avtomobil kreditlərini dayandırdı

Banklar avtomobil kreditlərini dayandırdı

Date: 26 December 2015 13:47

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri ölkənin avtomobil bazarından da yan keçməyib.

Anspress-in məlumatına görə, yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələlik çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.

Paytaxtın məşhur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.

"Onsuz da, satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatla verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub", - deyə satıcı əlavə etdi.

Müşahidə aparılmış digər avtosalonlarda da oxşar vəziyyət hiss edilib. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildiriblər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.

Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb:

"Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb, onsuz da, az olan alıcılarını itirsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər".

Ekspertlər isə bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib:

"Bəzi banklar, onsuz da, kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də, onsuz da, maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq".

Ancaq ekspert bunun müsbət tərəflərinin də olduğunu bildirdi:

"Hazırda Azərbaycanda 1.1 milyon avtomobil var ki, bunun da 900 mini Bakıdadır. Şübhəsiz ki, paytaxtda hər gün avtomobillərin sayının artması ekoloji vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bütün son proseslər isə avtomobil sayının artmamasına və ekoloji vəziyyətin düzəlməsinə səbəb olacaq".

Digər tərəfdən, bu, vətəndaşların riskdən azad edilməsinə şərait yaradacaq.

"Fevral devalvasiyasından sonra, onsuz da, dollarla kredit verən vətəndaşların ödənişləri daha da çoxaldı. Ancaq belə bir addım kredit götürüb maşın alacaq vətəndaşları bir növ sığortaladı. Vətəndaş kredit götürə bilməyəcək və bununla da riskdən sığortalanmış olacaq", - deyə A.Allahverənov bildirdi.

Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "üzən məzənnə" rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 rubl = 0.0221-AZN-dir.

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

Bütün bu baş verənlər fonunda avtomobil kreditlərinin dayandırılması bir növ müsbət addımdır. Çünki neftin hər gün bahalaşdığını, manatın isə əksinə hər gün bir az daha dəyər itirdiyini nəzərə alsaq, bu addım vətəndaşları əlavə problemlərdən xilas edəcək. Ancaq mənfi cəhəti odur ki, avtomobil arzusunda olanlar bu istəklərini reallaşdıra bilməyəcəklər. Ona görə avtomobil almaq istəyənlər ya bu istəklərindən əl çəkməli, ya da borc hesabına nağd yolla avtomobil sahibi olmalıdırlar.

Milli.Az


Tags:  Banklar avtomobil kreditlərini dayandırdı


RƏYLƏR


Top news