Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Pullu və evli xanımın kompüterindən məlumatları götürüb, onu şantaj etmişdi" - FOTO

Date: 27 December 2015 21:05

Kompüteri olan hər kəs üçün maraqlı ola biləcək müsahibə

Elə bir dövrdə yaşayırıq ki, texnologiya həyatımızda böyük rol oynayır. Televizorlar, kompüterlər, telefonlar, planşetlər və sairə və ilaxır. Onlara "N" qədər pul xərcləyib, alırıq. Bəzi vətəndaşlarımız aylıq gəliri 300 manat olsa da, 1000 manatlıq telefonu kreditlə alıb, işlədir. 

Yəni ki, biz ümumi olaraq texnologiyanı və ya onları alıb, başqalarına göstərməyi sevirik. Bəs bu texnologiyalar haqda nə bilirik? Misal üçün ən çox istifadə etdiyimiz kompüterlər və telefonlar... Onları alan zaman nələri bilməliyik? Təmirə ehtiyac duyan zaman kimə müraciət etməliyik? Hansı marka məhsullar daha yaxşıdır? Bu suallar hər birimizi çox maraqlandırır. 

Suallarımıza cavab tapmaq üçün bu sahədə peşəkar olan Elxan Əsgərli ilə danışdıq. Milli.Az bildirir ki, musavat.com-a geniş müsahibə verən İnformasiya texnologiyaları üzrə mütəxəssis önəmli məqamlara toxunub: 

- İlk olaraq bu sənətə necə sahib olmanız barədə bir az məlumat versəniz yaxşı olar. Çünki çalışdığınız sahə 21-ci əsr üçün ən yaxşı peşələrdən biridir. Demək olar ki hər kəsin sizə işi düşür. Bu peşəyə sahib olmaq asandırmı?
- Xeyr. Asan deyil. Çox çalışmaq və zəhmət çəkmək lazımdır. Bununla yanaşı, həvəs də olmalıdır. Mən hər şeyi özüm öyrənmişəm. İlk dəfə kompüterim olanda 6-cı sinifdə oxuyurdum. O dövr üçün belə geridə qalmış bir kompüterə sahib olmuşdum. O da atamın sayəsində. İş yerində olan kompüteri köhnəldiyi üçün evə gətirmişdi. Əvvəlcə təbii olaraq oyunlar oynamağa başladım. Sonra bu oyunların necə hazırlanması marağımı çəkdi. İstədim ki, özüm düzəldim. Sonra proqramlar diqqətimi çəkdi. Beləliklə axtarmağa, öyrənməyə başladım. İşə də yaradı. Əvvəlcə qonşuların kompüterində problem olanda məni çağırmağa başladılar. Sonra onların dostları və qohumları... Beləliklə işim böyüdü. O zamanlarda atam kompüterlə çox ilgiləndiyim üçün onun naqilini kəsirdi. Mən də onu yenidən birləşdirib, işləyirdim. Atamın evə gəlməsinə az qalmış, yenə naqili əvvəlki halına salıb, kitabları götürürdüm. Beləcə mübarizə aparıb, IT (Information Technologies) mütəxəssisi oldum. Hazırda yüksək dərəcədə xidmət göstəririk. Maraqlı bir "Texnousta" adlı layihə üzərində çalışırıq. Bu proje sayəsində insanlar evlərindən çıxmadan, kompüterlərini, telefonlarını təmir etdirə biləcəklər. Biz müştərilərimizə daha yaxşı xidmət etməyə çalışan gənclərdən ibarət qrup şəkilində işləyirik. 

"Buradakı bəzi şirkət və ya şəxslər onun orijinal RAM-ını dəyişib, yerinə Çin istehsalı olanı taxırlar"

- Keçən əsas mövzumuza. Artıq elə bir dövrdür ki, demək olar ki hər bir ailədə kompüter var. İnsanlar dükanlara gedib, kreditlə də olsa, kompüter alırlar. Lakin bəzən alıcılar aldıqları məhsulun keyfiyyətindən şikayət edirlər. Bəzi hallarda aldıqları məşhur markalardan məmnun qalmırlar. Bu, nədən irəli gəlir? 

- Bəzən elə olur ki, hansısa bir şirkət vergidən yayınmaq üçün və ya məhsulun maya dəyərinin aşağı düşməsi üçün kompüterləri parçalanmış halda ölkəyə gətirib, burada yığırlar. Bu da bəzən problemlər yaradır. Belə ki, biri var istehsalçı özü kompüteri yığsın, biri də var Azərbaycandakı hansısa bir şirkət... Təbii ki istehsalçının topladığı kompüter daha möhkəm və güvənli olur. Bəzən istehsalçı kompüteri 8 RAM-la (RAM - Random Access Memory - Müvəqqəti  yaddaş) Bakıya göndərir. Buradakı bəzi şirkət və ya şəxslər onun orijinal RAM-ını dəyişib, yerinə Çin istehsalı olanı taxırlar. Və ya daha da pis, RAM-ı azaldıb, satırlar, üstəlik eyni qiymətə. Orijinal parçanı (Söhbət kompüterin detalından gedir - red) isə ayrıca satışa qoyurlar. Beləliklə daha çox qazanırlar. Keyfiyyət isə azalır. Belə hallardan qorunmaq üçün mütləq kompüter almadan öncə, mütəxəssislə məsləhətləşmək lazımdır.

"Bəzən satıcıların kompüterlər haqda bilgiləri alıcıdan çox olmur"

- Bu sahənin ustası olaraq hansı kompüterləri məsləhət görərdiniz? Alıcılar hansı özəlliklərə sahib olan kompüterləri alsınlar?

- Bu, hər bir ustanın öz zövqünə görə dəyişə bilir. Amma mənim üçün 3 əsas marka var - Asus, Fujitsu, Sony. Bu markalar digərlərindən qiymət baxımından bir az bahalıdır. İnsanlar bəzən buna görə daha ucuz mala qaçırlar. Amma bu səhv addımdır. Keyfiyyət hər şeydən öndə gəlir. Digər bir məsələ isə alıcıların kompüter seçərkən nə istədiklərini bilməmələridir. Belə ki, kimsə kompüteri ancaq oyun oynamaq və ya montaj kimi işlər görmək üçün alır. Lakin ucuz olduğu üçün zəif göstəriciləri olan bir kompüter seçir. Digərinin isə sadəcə yazı yazmaq, kinoya baxmaq kimi işlər üçün kompüterə ehtiyacı var. Lakin çox yüksək göstəricilərə malik olan bahalı kompüter alır. Bu, səhv addımdır. Burada satıcıların da günahı var. Onlar müştəriyə düzgün seçim etməkdə yardım etmək əvəzinə, onlara sata bilmədikləri kompüterləri məsləhət görürlər. Bəzən satıcıların kompüterlər haqda bilgiləri alıcıdan çox olmur. Bu da problemlər yaradır. 

"HP kompüterin varsa, qışda evə qızdırıcı lazım olmayacaq"

- Kompüterləri tez isinənlərə nə məsləhət görərdin?

- İlk olaraq bir şeyə diqqət çəkmək istəyirəm. Çoxları kompüteri diz üstünə qoyub, işlədirlər. Və ya yorğanın üstünə qoyub, filmə baxırlar. Bu, qətiyyən olmaz. Heç bir notebook buna hazır deyil. Əsasən də HP-lər... Bu şirkətin NVDİA video kartla olan modelləri qənaətbəxşdir. AMD ilə olanlar isə ürəkaçan deyil. Çünki bu modellər tez isinir. Hətta bununla bağlı zarafatlar da var, "HP kompüterin varsa, qışda evə qızdırıcı lazım olmayacaq". Video kart yetərincə soyuya bilmir və yanır. Deməli alıcı üçün artıq xərc yarandı. Əgər kompüter isinirsə, onu tez bir zamanda ustaya aparmaq lazımdır. Sonra gec ola bilər. 

- Kompüterin işləmə müddətini necə uzatmaq olar?
- Əgər kompüter 1 il işləyibsə onu mütləq ustaya aparıb, təmizlətdirmək lazımdır. Bunu etmədikdə, kompüterin içinə yığılan tozlar onun soyuma sistemini məhv edir. Bu zaman da video kart sıradan çıxır və artıq xərclər yaranır. Üstəlik Azərbaycanda bu xərclər daha da çox olur. Çünki ehtiyat hissələr çox bahadır. Təmizlənmədən sonrakı növbəti ildə 6 ay ara ilə 2 dəfə təmizlik aparılmalıdır. 3-cü ildən etibarən isə hər üç ayda bir dəfə təmizlik olmalıdır. Belə olsa, kompüterin ömrü daha da uzanar. 

İstifadəçilərin ən çox etdikləri səhv isə batareyalarla bağlıdır. Kompüteri işlədə-işlədə onu cərəyana taxmaq olmaz. Əvvəlcə batareya tam dolmalıdır. Sonra kompüter cərəyandan çıxarılıb, işə davam edilməlidir ki, batareyanın istifadə müddəti çox olsun. Əks təqdirdə sadəcə 3-4 ay sonra batareyanı dəyişməli olacaqsınız. 

"Ehtiyat hissəsini sökən zaman ustanı tər aparır"

- İşlənmiş kompüterlər alanda nəyə fikir vermək lazımdır?

- Alıcı heç vaxt kompüterə özü baxaraq, dəqiq bir şey bilə-bilməz. Gərək kompüterə mütəxəssis baxsın. Bundan izafə, əgər kompüter 1 il işlədilib və heç ustaya getməyibsə, bu zaman mütləq ona baxılmalıdır. Bayaq dediyim kimi, kompüter gərək ilk ili tamam olan kimi təmizlənsin. Əgər bu təmizlənmə prosesləri edilməyibsə, o kompüteri alandan sonra kompüter qızmağa başlayacaq. Bu zaman onun təmir xərcləri yeni istifadəçinin üzərinə düşəcək. 

- Ucuz, Çin istehsalı kompüterlər, telefonlar bazara daxil olub. Onların keyfiyyəti haqda nə deyə bilərsiniz?
- Alıcı seçim edərkən bunu da nəzərə almalıdır ki, aldığı cihazda problem yaranarsa, təmir edilə biləcəkmi? Misal üçün ölkədə Lenovo markalı kompüterlər, telefonlar satışa buraxılıb. Güclü reklam edilir. Lakin alıcılar heç də bu markadan razı deyillər. Əsas da təmir probleminə görə... Heç biz ustalar da razı deyilik. Çünki onu təmir etmək çox çətindir. Çox vaxt ehtiyat hissələri tapılmır. Üstəlik çox həssas yığılıb. Hansısa bir ehtiyat hissəsini sökən zaman ustanı tər aparır. Çünki hər an qırıla bilər. İstehsalçı Çin olduğu üçün, mümkün qədər az məsrəfli olsun deyə belə olub. 

"Pullu və evli xanımın təmir üçün gətirdiyi kompüterindən məlumatları götürüb, sonra onu şantaj etmişdi"

- Təmir üçün gələnlərin əsas qorxusu nə olur?

- Təmir üçün müraciət edənlərin bir neçə qorxusu var. Geniş yayılanlar biri detallarının dəyişdirilib, keyfiyyətsizi ilə əvəz olunması və ya oğurlanmasıdır. Hansı ki, real qorxudur, hələ də bunu edənlər var. Bunun qarşısını almaq üçün, araşdırıb, müştəri məmnuniyyəti yüksək olan mütəxəssislərə müraciət etmək (şərt deyil brend olsun) və ya tanıdığınız, kompüterdə ilk anlayışları bilənlərdən məsləhət almaq vacibdir. Sərt diskin (Hard disk) neçə GB olduğuna necə baxmaq lazımdır, ramın neçə GB olduğunu öyrənmək lazımdır. Əgər söhbət notebookdan gedirsə, bu zaman video kartın da marka və modelini öyrənmək, o cümlədən içində platanın nə olduğuna, hansı marka olduğuna baxmaq lazımdır.

2-ci qorxu faylların götürülməyi, onlardan gələcəkdə şantaj və sairə məqsədlərlə istifadə olunmasıdır. Bunun üçün də, yaxşı olar ki, təmirə getdiyiniz zaman şəxsi və şantaj üçün istifadə edilə biləcək materiallar fləşkarta yığılsın. Həm də etibarlı, dürüst və vicdanlı mütəxəssislərə müraciət etmək lazımdır. Bir dəfə illərin ustası vardı. Pullu və evli xanımın təmir üçün gətirdiyi kompüterindən məlumatları götürüb, sonra onu şantaj etmişdi. Xanım çox ağıllı davranaraq bu haqda öz ailəsinə məlumat vermişdi və həmin şəxsi bütün ətrafa dərs olacaq səviyyədə cəzalandırdılar. Üstəlik də həbs edildi. 

Milli.Az


Tags:  Pullu evli xanımın kompüterindən məlumatları götürüb onu şantaj etmişdi FOTO


RƏYLƏR


Top news