Metrodan istifadə edənlərə bayram sürprizi

Metrodan istifadə edənlərə bayram sürprizi
10:46 28 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Metronun "Elmlər Akademiyası" stansiyasından istifadə edən sərnişinlərin qarşılaşdığı sıxlıq probleminə nəhayət son qoyulur.

ANS PRESS-in məlumatına görə, uzun müddətdir inşasına başlanılan metronun bu stansiyasının ikinci çıxışı bu gündən istifadəyə veriləcək. 4 yeni giriş-çıxış inşa olunan “Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının artıq istifadəyə tam hazır olduğu bildirilir.

Stansiyanın hər çıxışında müasir eskalatorlar quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq.






"Elmlər Akademiyası" stansiyasının 2-ci çıxışının fotoları


Metronun “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

Ümumiyyətlə isə yaşanan tıxac problemini yada salsaq, yerüstü ictimai nəqliyyatla müqayisədə mənzil başına daha tez çatmaq üçün metrodan istifadə edənlərin sayı artmaqdadır. Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-noyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı ilə bağlı açıqlaması da bunu deməyə əsas verir. Belə ki, komitənin məlumatına görə, bu il metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 3,5 faiz artaraq 202 milyon nəfərə çatıb.

Dövlət orqanları, nazirliklər, eləcə də ali təhsil müəssisələrinin yaxınlığında yerləşdiyindən “Elmlər Akademiyası” stansiyasından istifadə edən sərnişinlərin sayı digər bir çox stansiyalarla müqayisədə kifayət qədər çoxdur. Odur ki, il ərzində əsasən iş günlərində stansiyanın giriş-çıxışlarında mütəmadi olaraq sıxlıq yaşanır. Bu baxımdan artıq 4 yeni giriş-çıxışın istifadəyə verilməsi sərnişinlər üçün əlverişli olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR