Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mübariz Tağıyev: “O qadınla heç vaxt yaşaya bilməzdim” - FOTO

Mübariz Tağıyev: “O qadınla heç vaxt yaşaya bilməzdim” - FOTO

Date: 28 December 2015 14:17

Milli.Az publika.az-a istinadən xalq artisti Mübariz Tağıyevin müsahibəni təqdim edir:

- Maraqlıdır, bəs Mübariz Tağıyev Avropa musiqisindən kimi sevir, kimi dinləyir?

- Konkret ad çəkə bilmərəm. Mən caz, rok, pop və digər janrlarda ifa etmişəm. Bu istiqamətlərin hamısını keçmişəm. Lakin hərdən gənc həmkarlarıma da deyirəm ki, muğamda olduğu kimi, estrada musiqisinin də istiqamətləri çoxdur. Birini seçib onunla davam etmək lazımdır. Əgər daim axtarışdasansa, axıra gedib çıxa bilməyəcəksən. Bir yolu tam öyrənməmiş başqasına keçmək bisavadlıqdır. Bir vaxtlar rumba, mamba var idi. Bu gün onlar faktiki olaraq meydandan çıxıb. İndi tvist deyəndə gülməli gəlir. Kubada, Meksikada yaranmış musiqi janrları olsa da, estrada müğənniləri bunları bilməlidir.
 
- Bəzi ifaçılarımız caz oxuyur, o cümlədən ispan boğazları edir. Sizcə, istəklərinə nail olurlar, sintezləri uğurlu alınır?

- Azərbaycanda şou-biznes aləmi yaranmayıb. Bunu qətiyyətlə deyirəm. Dağılmış SSRİ-yə baxanda Azərbaycan keçmiş SSRİ ölkələrindən qat-qat yüksəkdədir. Xülasə, mən heç kəsi qınamaq istəmirəm. Amma hazırki estrada aləmində olan gənclik məktəbsiz yol gedir. Xanəndə aləmi də eyni vəziyyətdədir. Xanəndə müsabiqələrindən çıxan uşaqların əksəriyyəti estrada istiqamətinə yön alır. Tarkan özü də elədir. O, xalq musiqisindən gəlib. Ancaq bunun dayanacağı gün olacaq. Bizdə mədəniyyət də düzgün formalaşmayıb. Amerikanın istənilən restoranında müğənnilərin konserti baş tutur, lakin orada oturub müğənnini dinləyirlər. Bizdə isə oturub lüləkabab yeyirlər.
 
-Sizcə, dediyiniz problemlər aradan qalxacaq?

-Düzəlməlidir! Ümid edək. Bilirsiniz, Avropa ölkələrində konsert vaxtı masaları yemək - içməklə doldurmaq mədəniyyətsizlik sayılır. Yəni - "bununla nə demək istəyirsiniz" sualı yaranır. Düzdür, bura şərq ölkəsidir. Ancaq kim deyib ki, masanın üstündə əlini qoymağa yer tapmamalısan?
 
- Bilmək istəyirəm, Mübariz bəy, həyat barədə nə düşünür? Hardan gəlmişik, hara gedirik... Ümumiyyətlə, bu haqda düşünməyə vaxtınız olur?

- Bu sualı mənə 15-20 il əvvəl versəydiniz, ona cavab tapa bilməzdim. Çünki səhər yuxudan durandan çəkilişlərdə olurdum. İndi zaman dəyişib. Həmin qastrol səfərlərim də yoxdur. İndi bir kollektivi sərhəddən çıxarmaq böyük problemdir. O vaxtlar qastrol səfərlərində ən dəbdəbəli mehmanxanalarda qalırdıq. Bizə çatmırdı ki, onların günlük gecələmə qiyməti 700-900 ABŞ dollarıdır. Bu barədə düşünmürdük. Bu problemlərlə prodüserlər maraqlanırdı. Bu gün isə peşəkar  prodüser və təşkilatçılarımız yoxdur. Yalnız Mədəniyyət və Turizm Nazirliyi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müəyyən konsertlər təşkil olunur. Bunu ancaq alqışlamaq lazımdır. Lakin sözügedən məsələlərə diasporalar qatılmalıdır. Nazirlik hər yerdə konsert edə bilməz. Bu işə diasporalar cəlb olunmalıdır.
 
- Bəlkə, onları bu məsələlərdən agah etmək lazımdır?

- Çox cəhdlər olub. İdeya olanda da, ya xalq musiqisi, ya da aşıq musiqisi tələb olunur. Düzdür, bu bizim kökümüzdür. Lakin klassik və pop musiqi də onların içində olmalıdır. Bu cür tədbirlərdə eyni yönümlü musiqinin təbliği düzgün deyil. Bu gün Azərbaycanın sərhədlərindən kənara çıxan bir klipimiz var? TOP 10-luq demirəm, heç olmasa, TOP 100-lükdə yer alan klipimiz var? Rəşid, Zeynəb səviyyəsində niyə heç kəs yoxdur? Bax, problemlərin kökündə sadaladıqlarım dayanır. Gənc, istedadlı səslər var. Onlara klip çəkdirmək lazımdır. Bizdə alınmırsa, xaricdə etmək lazımdır.
 
- Kimdir belə namizəd?

- Mən sizə bir yox, on namizəd göstərərəm. Həm fakturalı, həm də gözəl səsə malik gənclərimiz var. Sadəcə, onlarla işləmək lazımdır.
 
Sən gələndə kədər məndən qaçardı...
 
- "Məhəbbət yaşa baxmır, müdriklər belə deyir" - bu sətirlər sizin mahnınızdandır. Bəs siz bu barədə nə düşünürsünüz, bu fikirlə razısınız?

- Cabir Novruz və Faiq Sücəddinovun ərsəyə gətirdiyi musiqidir. İnsan fəlsəfəsidir. Bu gün Azərbaycanda da belə hallar çoxdur. Xəbərlərdə eşidirik ki, filankəs özündən 40 yaş böyük insanla ailə qurdu. Bilirsiniz, sevginin sərhəddi yoxdur. Əsl sevən insan ömründə yaş haqda düşünmür. Heç kəs bunun düzgün, ya səhv olduğunu söyləyə bilməz.
 
- Siz belə bir şey yaşamısınız?

- Yaşamamışam. Bir anlıq qəlbimin dərinliyində nəsə belə bir hissin olduğunu gördüm. Mən 45 ildir sənətdəyəm. Baxın, dramatik aktyor rola girib insanı göstərdiklərinə inandıra bilirsə, niyə müğənni bunu edə bilməsin ki? Edirəmsə, demək, bu mənim bacarığımdır. Xeyr, özüm belə bir şey yaşamamışam. Fəqət o hissləri mahnıda yaşadım. Cabir Novruzun çox maraqlı şeirləri var.
 
- Sizi anlayıram, bəzən yaradıcı insanlar həyatda yaşamadıqlarını insanlara çox böyük məharətlə çatdıra bilir. Bu, ruhla bağlı bir şeydir. Siz də bu hissi yaşamasanız belə, onu mahnılarınızda çatdırmağa müvəffəq olmusunuz. Deməli, siz bu hissin mövcudluğuna inanırsınız. Məhəbbət var...

- Əlbəttə, inanıram. İnanmasaydım, oxumazdım.
 
- Lakin əksər kişilər sevgiyə inanmır...

- Əgər bəy məhəbbətə inanmırsa, deməli, hissiyyatları məhv olub. Bu faciədir. İnsan ömrünün sonuna kimi hissiyyatla yaşayır. 80-90 yaşında sevgi duyğuları ilə yaşayan insanlar var. Əsl həyat budur. Bəziləri deyir ki, müəyyən yaş həddindən sonra sevgi itir, hörmət qalır. Nəyə hörmət qalır?
 
- Deyirlər, məhəbbət övladlara ötürülür...

- Bu absurd fikirdir. Bu, normal bir şey deyil. Faciədir. Sevgi hissləri dağıla bilər. Onu dağıtmaq da çox asandır. Bunu bir anda xəyanətlə yox etmək mümkündür, insanın bütün daxili tar-mar olar. Fikirləşirsən ki, sevgi bu idisə, mən bu sevgini istəmirəm. Allah bunu heç kəsə yaşatmasın. Bu gün ailəni oyuncağa çeviriblər. Evlənib boşanırlar. Ailə qura bilmirsənsə, evlənmə! Zorla deyil! 11 yaşında qızı ərə verirlər. Bu nə deməkdir axı?
 
"Bisavad qadınla heç vaxt yaşaya bilməzdim"
 
- Çox maraqlıdır, Mübariz Tağıyev üçün ideal qadın obrazı necədir? İdeal qadın obrazına münasibət hər bir kişidə müxtəlifdir, hər kəsin öz meyarı var.

- Məsələn, mən bisavad qadınla heç vaxt yaşaya bilməzdim. Demirəm ki, xanım alim olmalıdır, ancaq dünyagörüşünə sahib olmalıdır. Ər-arvad bir-birinə uyğun gəlməlidir. Bir məsələ də var ki, ailə və məişət qayğıları bizim qadınları gənclik dövründə boğur. Onlar baxımsız olurlar, özlərini kişinin gözündə adiləşdirirlər. Bunu etmək olmaz, qadın daim baxımlı olmalıdır. Digər tərəfdən də, kişilərimiz evə yorğun gəlir, üzlərindən zəhrimar yağır. Ancaq nə qədər yorğun olsalar da, gülümsəməlidirlər.
 
- Yəni, həm qadın, həm kişi bir-birinə dəstək olmalıdır...

- Əlbəttə, bu münasibətlər qarşılıqlı olmalıdır. Bu xüsusiyyətlər atadan da övlada keçir.
 
- "Ehtiyac qapıdan girəndə, məhəbbət pəncərədən çıxır" deyimi ilə razısınız?

- Qəti razı deyiləm!
 
- Çox zaman səhnədə olan bəylərin həyat yoldaşları onları qısqanır. Siz yoldaşınızın qısqanclıq səhnələri ilə qarşılaşmısınız?

- Əgər qısqanclıq yoxdursa, sevgi də yoxdur. Amma qısqanclıq həddini keçəndə faciəyə çevrilir. Yerli-yersiz qısqanmaq olmaz. Bəzən əks cinsin diqqətini qazanmaq üçün süni şəkildə oyunlar çıxarırlar. Bu anormaldır.
 
- Sualımızdan yayındınız. Xanımınız sizi qısqanıbmı?

- Əlbəttə, mənim də xanımım qısqanıb. Amma bunu hiss etdirməməyə çalışıb.
 
-mBunu necə büruzə verib?

- Çox sadə. Mimika və atmacalarından o dəqiqə hiss edirsən.
 
- Könlünü almısınız?

- Şübhəsiz. Bunun da öz yolları var. Məsələni "Gör, sən nə fikirləşirsən?" kimi zarafatla yoluna qoymaq olur. Hərdən deyirlər ki, siz səhnədə də, həyatda da aktyorluq edirsiniz. İnanın, heç bir aktyor həyatda oynamır. Ola bilər, pafosla danışsın və s. Lakin oynayırsa, deməli, biədəb, səhnədən uzaq insandır.
 
"Xəyanət edən insana geri qayıtmıram"
 
- Mübariz bəy, sizcə, xəyanəti bağışlamaq olar?

- Mən bağışlaya bilmərəm. Dost dediyim insanların xəyanəti ilə qarşılaşmışam. Sonradan "oldu, ağzımdan çıxdı" desələr də, mənim üçün artıq hər şey bitib. Mənim ağzımdan niyə çıxmır axı? Nə cür də olsa, xəyanətin üstü gec-tez açılır. Təəssüf ki, belə zərbələri çox vaxt yaxın dostlardan alırsan. Mən isə dönsəm, vəssalam. Xəyanət edən insana geri qayıtmıram. Çox kinliyəm. Bəlkə, bunu avropalı insana desəm, mənə vəhşi kimi baxar, fikirlərimi qəbul etməzlər. Onlar xəyanəti bağışlamağın mümkün olduğunu zənn edirlər. Yəqin, mən geridəqalmışam. Amma bu mənim xasiyyətimdir. Mən özüm ətrafıma çox sadiq insanam və bunun qarşılıqlı olmasını istəyirəm.
 
- Bildiyim qədər övlad atasısınız.

- Bəli, iki qızım var.
 
- Evdə qızlarınızla hansı münasibətdəsiniz? Necə atasınız, sərt, yoxsa mülayim...

- Adətən, qızlar daha çox anaya meylli olur. Bu, təbiətin qanunudur. Körpə vaxtı atasına bağlı olsa da, böyüdükcə anası ilə yaxın olur, hər şeyi anası ilə bölüşür. Amma bütün məsələlərdən atanın da xəbəri olmalıdır. Uşaqlıqdan onları məktəbə aparıb-gətirmişəm. Yoldaşım deyirdi ki, qızlara məktəbə tək gedib-gəlməyi öyrətməliyik. Razılaşırdım. Amma o vaxtlar vəziyyət gərgin idi. Metro partladılırdı, ümumi ab-hava ürəkaçan deyildi. İnstitutu bitirənə kimi qızlarımı dərsə özüm aparıb gətirmişəm. İndi ikisi də ailəlidir. Babayam. Nəvələrim də var.
 
- Bir yazıçı kimi bu sualı verməyə bilmərəm. Mütaliəyə vaxt ayırırsınız?

- Yalandan deyə bilmərəm ki, saatlarla oturub mütaliə edirəm. Buna vaxtım da yoxdur. Uşaqlıq illərimdə Jül Verni sevirdim. İndi uşaqlarıma deyirəm ki, kitab oxumaq lazımdır. Anlayıram, bu gün internet, video filan var, lakin kitab, mütaliə mühümdür. Deyirəm e, amma çifayda, əməl olunmur. Bu böyük problemdir. Bu təkcə bizdə yox, xaricdə də belədir.
 
- Axı xaricdə kitab çox oxunur. Avropa, Hindistan, elə qonşu Türkiyədə oxucu sayı kifayət qədərdir. Kitab böyük bir biznes hesab olunur.  

- Mən ifaçıyam. Mənə mahnıya mətn tapmaq üçün şeir kitabları daha maraqlı gəlir. Bəzən bir günə bir kitabı tam oxuyuram, amma orada bir şey tapa bilmirəm. Musiqiyə şeir yazmaqda Baba Vəziroğlu, İsmayıl Dadaşov püxtələşib. Rəhmətlik Nüsrət Kəsəmənli də peşəkar idi. Vaqif Səmədoğlu isə əsl fantastika idi.  Onun üçün maneələr mövcud deyildi.
 
- Vaqif Səmədoğlunun şeirlərində məna da var axı...

- Əlbəttə. 
 
- Yeni mahnılardan ibarət diskinizi niyə buraxmırsınız?

- Yeni mahnılarımı internetdə çox yaymıram. Bunun da öz səbəbləri var. Belə, xeyli yeni mahnılarım var. Bu yaxınlarda 12 mahnıdan ibarət albom çıxmalıdır. Bununla yanaşı, kliplər də çəkilməlidir. Əslində, tam hazır idi. Səhhətimlə bağlı qəfil problemlərim çıxdı, ürəyimdən əməliyyat olundum. Bundan artıq 3 ildən çox keçib. Dəhşətli ağrı idi. Məşq vaxtı baş vermişdi. Birdən gözlərim qaraldı. On bir saat əməliyyat olundum.
 
- O məqamda nə hiss etdiniz?

- Bircə ondan rahat idim ki, övladlarımı yerbəyer etmişəm. Ancaq yenə də, atayam. Qızlarımı düşündüm. Görməli olduğum müəyyən işlər də var. Allahın yazısıdır, hər şey onun əlindədir.
 
- Tanrının mövcudluğuna inanırsınız?

- İnanıram. Məni inam yaşadıb.
 
- Çox sevdiyim aktyorlardan biri olan Mastroyanni demişdi: "Fikirləşirdim ki, əsl həyat, xoşbəxt həyat sonra gələcək. Ancaq o, deyəsən, heç gəlmədi". Bəs Mübariz Tağıyev üçün necə, xoşbəxt həyat gəldi?

- 1972-ci ildə ailəmlə birlikdə Bakıya köçdük. Düz 17 il Rəşid Behbudovla bir səhnəni bölüşdük. Bundan böyük xoşbəxtlik yoxdur, inanın. Bu, xoşbəxtlikdir. Bu hissi yaşamaq lazımdır. Biri var qamçı altında yaşayasan, biri də var, səni hazırlayırlar. Ondan atalıq qayğısı gördüm. Rafiq Babayev və Rəşid Behbudov kimi iki nəhəng insan mənə dərs keçib. Bundan böyük xoşbəxtlik olarmı? Mən istədiyimə nail oldum. Dostum Rafiqin vəfatı məni sarsıtdı. Onu qardaşımdan ayırmırdım, çox gözəl insan idi.
Rəşid Behbudov çox yaşayacaqdı. Amma o da səsinin qurbanı oldu. Onun prostat vəzisində problemlər vardı, lakin əməliyyatdan sonra səsinin tembrinin dəyişməsindən qorxurdu. Sonra vəziyyəti bir az da ağırlaşdı. Artıq çox gec idi... 
Digər tərəfdən də ailəm, uşaqlarım, nəvələrim var. Bəli, özümü xoşbəxt insan hesab edə bilərəm.

Milli.Az







Tags:  Mübariz Tağıyev qadınla heç vaxt yaşaya bilməzdim FOTO


RƏYLƏR


Top news