“Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb
12:58 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda birliyin "Ulduz” jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti “Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AYB-dən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edərək müsabiqə haqqında geniş məlumat verib və müsabiqənin informasiya dəstəyini həyata keçirmiş ayb.az saytına təşəkkürünü bildirib.
S.Babullaoğlu "Variasiya”ya təqdim olunmuş polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun poeziyası, üslubiyyatı haqqında məlumat verib. Deyib ki, katolik şair olan Miloş öz şeirində Quran-Kərimin "Şüəra” (şairlər) surəsinə müsbət münasibətini bildirib.
S.Babullaoğlu diqqətə çatdırıb ki, Çeslav Miloşun müsabiqəyə təqdim olunmuş “Poeziya sənəti” ("Ars Poetica") şeirinin tərcüməsinə 7 nəfər qatılıb. Onların arasından orijinal mətnə daha yaxınlığı ilə seçilən şairə Xatirə Xatun birinci yerə layiq görülüb. Bundan başqa, Hicran Hüseynova da xüsusi mükafatla təltif edilib. Qaliblərə diplom və "Ulduz” jurnalının son nömrəsi ilə yanaşı pul mükafatı da verilib. Qalan beş nəfər – Əvəz Nəbioğlu, Nəsir Əhmədli, Nilufər Şıxlı, Könül Həsənqulu və Həyat Şəmiyə isə fəxri diplom təqdim olunub.
Bildirilib ki, “Variasiya” müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. Müsabiqənin şərtlərinə əsasən təqdim olunan xarici müəllifin əsəri müxtəlif variantlarda tərcümə olunur, onların içərisindən ən yaxşısı seçilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Variasiya_musabiqesinin_qalibleri_mukafatlandirilib-915232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR