Nemtsov ailəsinin vəkili İstintaq Komitəsinin bəyanatı ilə razılaşmır

15:38 29 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov Rusiya İstintaq Komitəsinin Ruslan Muxudinovu siyasətçinin qətlinin sifarişçisi kimi göstərdiyi bəyanatla razı deyil və lazımi sənədləri aldıqdan sonra müvafiq şəkildə reaksiya verməyi planlaşdırır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 29-da Rusiya İstintaq Komitəsi Nemtsovun qətlinin ehtimal edilən sifarişçisinin adını açıqlayıb. O, cinayət işində əvvəllər təşkilatçı kimi qeyd olunan “Sever” taborunun sabiq zabiti Ruslan Muxudinovdur.
V.Proxorov bir qədər əvvəl istintaqın yerini müəyyənləşdirə bilmədiyi “Sever” taborunun digər zabiti Ruslan Qeremeyevə də ittiham irəli sürülməsi üçün təkid etdiyini bildirib.
Hüquq mühafizə orqanlarının məlumatına əsasən, R.Muxudinov saxta sənədlərlə Rusiyanı tərk edib və hazırda Birləşmiş Ərəb Əmirliyindədir. İstintaqin iddiasına görə, onun cinayətdə iştirakı ekspertizanın nəticələrinə və şahidlərin ifadəsinə əsasən təsdiq olunur. Muxudinov qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, Rusiya baş nazirinin sabiq müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov bu il fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsü üzərində qətlə yetirilmişdi. Cinayət işi üzrə hələlik beş nəfər – ehtimal olunan qatillər Zaur Dadayev, Həmzət Baxayev, qatilləri informasiya ilə təmin edən və siyasətçinin hərəkət marşrutunu izləyən Temirlan Əsgərxanov, həmçinin Anzor və Şədid Qubaşev qardaşları saxlanılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nemtsov_ailesinin_vekili_Istintaq_Komitesinin_beyanati_ile_razilasmir-915302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR