Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bayram günü yollarda qalanlar (FOTO)

Bayram günü yollarda qalanlar (FOTO)

Date: 31 December 2015 13:21

Ölkədə beş gün qeyri-iş günü elan edilməsi bayramı Bakıdan kənarda keçirmək istəyənlərin sayının artmasına səbəb olub. Ötən gündən başlayaraq əhalai rayonlara getmək üçün avtovağzal və dəmiryol vağzalına üz tutmağa başlayıb. Bayram ərəfəsində biletlərin 10 gün öncədən alınması barədə xəbərdarlığa, nəqliyyat vasitələrinin sayının artırılması haqqında deyilənlərə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksində ənənəvi insan sıxlığı yaşanır. Bunu ANS PRESS-in əməkdaşı adıçəkilən ünvanda aparılan müşahidələri zamanı görüb.

Əhalinin kütləvi şəkildə bu məkana üz tutması hər bayramda olduğu kimi, bu dəfə də bəzi problemlərin yaranmasına gətirib çıxarıb.

ANS PRESS-in məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə xidmət etmək üçün əlavə avtobuslar ayrıldığını desə də, mənzil başına çata bilməməsindən şikayətlənənlərin sayı kifayət qədər çoxdur.



Avtovağzaldakı insan sıxlığı

Şəkiyə getmək istəyən Cəlil Seyidovun sözlərinə görə, bir neçə saatdır vağzalda olsa da rayona getmək üçün maşın tapa bilmir: "Rayona getmək üçün avtobuslara yaxınlaşdım. Sürücülər bildirdilər ki, vətəndaşlar əvvəlcədən bilet aldığı üçün avtobuslar doludur. Adi günlərdə 15 manata Şəkiyə adam aparan taksilər isə bu gün adambaşına 20 manat istəyir. Təbii ki, taksiyə verəcək qədər pulum da yoxdur. İndi yarım saatdan çoxdur ki, mikroavtobus gözləyirəm. Ancaq maşın yoxdur".

Əhalinin bir qisminin əsas şikayəti isə qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı idi. Artımı müşahidələrimiz zamanı da gördük. Göyçaya getmək istəyən Pakizə Sofiyeva deyir ki, adi günlərdə adı çəkilən rayona 5 manata gedib: "Hazırda Göyçaya gedən mikroavtobuslar yoxdur. Xəttə yeni maşınlar buraxılıb. Ancaq onlar da bahadır. Onlar bir nəfəri 5 manata yox, 7 manata aparır". Sərnişinlərin narazılığına isə sürücülərin bir cavabı var. "Bayramdır, müştəri çoxdur".


Bəzi rayonlara gediş qiymətləri

Sürücülər özləri də ANS PRESS-ə qiymət artımı olduğunu etiraf edirlər. Göyçaya gedən mikroavtobusun sürücüsü deyir ki o, xəttə Bakı-Sumqayıt xəttindən çıxaraq qoşulub: "Biz bayram günləri olduğu üçün bu xəttə qoşulmuşuq. Rayona adam aparıb geri qayıdanda boş gəlirik. Çünki bayramda rayonlardan paytaxta gələn olmur. Sadəcə gedən reysdən pul qazanacağımız üçün belə addım atmışıq".

Biletlərin qiymətində bahalaşma digər istiqamətlərdə hərəkət edən avtobuslarda da var. Məsələn, adi günlərdə Bakıdan Mingəçevirə getmək üçün 6 manat tələb edilirsə, bu gün bu rəqəm 8 manatdır.



Baş verənlərlə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayevlə açıqlama gətirməyə çalışdıq. Onun sözlərinə görə, ancaq dünən avtovağzaldan 8 minə yaxın sərnişin daşınıb: "Bu gün belə sıxlıq yaranmasının səbəbi dekabrın 29-da sərnişindaşımanın zəif olmasıdır. Biz düşünürdük ki, ayın 29-da 600 maşın yola salacağıq. Ancaq bu baş vermədi. 16-17 min sərnişin yola salmalı olduğumuz halda 13 min sərnişin daşındı".

O, bu gün ərçzində 400 avtobusu yola salmağı hədəflədiklərini deyib. Bu maşınlar vətəndaşları daşımaq üçün kifayət edəcək.


Azərbaycanın rayon yollarının xəritəsi

M. Abdullayev qiymətin süni şəkildə qaldırılma hallarının olduğunu da etiraf edib. "Düzdür bəzi sürücülər süni şəkildə qiymətləri qaldırırlar. Ancaq hazırda 11 nəfərdən ibarət qiymət komissiyası var və onlar vağzal ərazisində gəzərək qiymət artımının olmamasına nəzarət edirlər. Qiymət artımı aşkar edilən avtobuslar və mikroavtobuslar isə xətdən çıxarılır. Təkcə dünən 2 sürücü süni qiymət artımına görə xətdən uzaqlaşdırılıb".




Avtovağzal bu gün

Tags:  Bayram günü yollarda qalanlar FOTO


RƏYLƏR


Top news