Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni qanunlar qüvvəyə mindi

Azərbaycanda yeni qanunlar qüvvəyə mindi

Date: 1 January 2016 14:26

Bu gündən Azərbaycanda bir çox qanunlar qüvvəyə minir.

ANS PRESS həmin qanunları sizə təqdim edir:

1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2016-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

2. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

3. Azərbaycan Prezidenti İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamı qüvvəyə minib. Sərəncama əsasən, ödənişli təhsil alan tələbələrə təqaüd veriləcək.



Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib.

Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Buna görə də bu gündən etibarən istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

Yanvarın 1-dən həmçinin Azərbaycanda gəlir vergisi ilə bağlı güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi genişləndirilir.

İndiyə qədər fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olub.

2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad ediləcək.


Tags:  Azərbaycanda yeni qanunlar qüvvəyə mindi


RƏYLƏR


Top news