Gəncləri radikal dini təriqətlərin təsirindən qorumaq yolları müzakirə olunub

Gəncləri radikal dini təriqətlərin təsirindən qorumaq yolları müzakirə olunub
12:43 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 6 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhər prokurorluğunun və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “İslam dininin əsl dəyərlərinin qorunması və radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəldilməsinin yanlışlığı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda universitetin rektoru Akif Hacıyev çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və zənginləşdirilməsi ilə bağlı görülən işlərdən danışıb. Qeyd olunub ki, hazırda Yaxın Şərqdə, Avropa ölkələrində dinlərarası münasibətlərdə böhran yaşandığı halda, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin vahid ailə kimi mehriban yaşayırlar. Milli-mədəni irsin qorunması və inkişafı Azərbaycanın tolerant ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir. “Milli və dini dəyərlərimiz bizim üçün əzizdir. Çalışmalıyıq ki, gənclərimiz, tələbələrimiz milli ruhda böyüsünlər. Onları yad təsirlərdən qorumaq lazımdır. Azərbaycan dövləti bu istiqamətdə işini yüksək səviyyədə qurub. Gənclərimizin elmi, intellektual, mənəvi, fiziki inkişafı daim ölkə rəhbərinin diqqətindədir”, - deyə Akif Hacıyev vurğulayıb
Konfransda universitetin müəllimləri “Azərbaycanda İslam: tarixi ənənədən müasir inkişafa doğru”, “Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri siyasi sabitliyin tənzimlənməsi mexanizmi kimi”, “Dünyanın müasir dini mənzərəsi və islamda tolerantlıq və multikulturalizm ənənələri dini radikalizmə qarşı”, “İslamda təhsilə verilən əhəmiyyət”, “Nardaran hadisələri müasir Azərbaycanda vicdan azadlığı kontekstində”, “İslamda təriqətçilik və onun mənfi təzahürləri”, “Dini fundamentalizm, radikalizm və ekstremizm meylləri” mövzusunda məruzə ediblər.
Sonra şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovun “Azərbaycan Respublikasında İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasət və radikal dini təriqətlərə qarşı mübarizə tədbirləri”, şəhər prokurorunun müavini Balahüseyn Şabanovun “Dini ekstremizmə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri və bu sahədə qanunvericilik sistemi” mövzusunda çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, yeniyetmələri yad ideologiyaların təsirindən qorumaq üçün valideynlərin onların üzərində nəzarəti artırması vacibdir. Eyni zamanda, bu işə bütün sağlam qüvvələr səfərbər olunmalıdır.
Konfrans iştirakçılarına dini fundamentalizm, radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilikdə edilən dəyişikliklər barədə ətraflı məlumat verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencleri_radikal_dini_teriqetlerin_tesirinden_qorumaq_yollari_muzakire_olunub-916365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR