25 milyon insanı girov saxlayan Şimali Koreya rejimi bütün dünyanı təhdid edir

25 milyon insanı girov saxlayan Şimali Koreya rejimi bütün dünyanı təhdid edir
15:02 6 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR -Şimali Koreya) hidrogen bombasının sınağını "uğurla" həyata keçirdiyini elan edib.
Təsdiqlənəcəyi halda bu, son 10 ildə rəsmi Pxenyanın dördüncü sınağı olacaq. Əvvəlki nüvə sınaqları isə 2006, 2009 və 2013-cü illərdə keçirilib.
Dünyada baş verən maliyyə böhranı, Yaxın və Orta Şərqdəki gərginlik, hərbi münaqişələr fonunda bu sınağın nəyə xidmət etdiyinə münasibət bildirməsək də, öncə ölkənin nüvə proqramı haqda qısa məlumat vermək istərdik.
KXDR nüvə sınaqlarını "Raket -nüvə proqramı" çərçivəsində həyata keçirir, şərti adı raket daşıyıcılar və nüvə başlıqlarının hazırlanması üçün "elmi araşdırma" adlanır.
Həyata keçirilən proqramlar və onun elmi quruluşu, layihələr açıqlanmır.
Şimali Koreya ilk dəfə 2005-ci il fevralın 10-da atom silahına malik olduğunu bildirib. 2012-ci ildə ölkə konstitusiyasına nüvə silahı statusu ilə bağlı dəyişiklik edilib.
1950-53 -cü illərdə ABŞ ölkə paytaxtı Pxenyanın ətrafına bir neçə atom bombası atmağı planlaşdırsa da sonradan bu addımı atmayıb. Müharibədən sonra 1956-cı ildə keçmiş SSRİ ilə KXDR arasında atom-nüvə sahəsində mütəxəssislərin hazırlanmasına dair sənəd imzalanıb, 1959-cu ildə isə Pxenyan Moskva və Pekinlə dinc məqsədli nüvə enerjisindən istifadə haqda müqavilə imzalayıb.
Ölkənin nüvə təsisatları 1960-cı illərin ortalarından yaranmağa başlayıb. İlk nüvə mərkəzi Nyönbyöndə qurulub.
1970-ci illərdə Şimali Koreya nüvə silahı yaratmaq üzərində fəaliyyətə başlayıb. Bununla bağlı KXDR Çinə müraciət edib və çinli mütəxəssislər onlara nüvə silahının yaradılmasında yardım ediblər.
Şimali Koreyanın himayəçisi olan keçmiş SSRİ və Çin sonrakı illərdə də bu istiqamətdə onlara davamlı olaraq, dəstək verib.
Məlumatlara əsasən, Pxenyan nüvə proqramını həyata keçirmək üçün texnologiya, avadanlıq və qurğuları Rusiya, Çin, İran, Şərqi Avropa və Yaxın Şərq dövlətlərindən alır.
Beləliklə, Moskva və Pekin bölgədə geosiyasi maraqlarını təmin etmək, Qərbin müttəfiqi olan Yaponiya və Cənubi Koreyaya, eləcə də ABŞ-a təzyiq etmək məqsədi ilə KXDR-i atom bombası ilə silahlandırıb.
Son illərdə bu ölkənin atom silahı ilə bağlı danışıqlarında ABŞ, Cənubi Koreya və Yaponiya bir blokda, Rusiya, Çin və Şimali Koreyanın əks blokda çıxış etməsi də bunu təsdiqləyir.
Ölkənin nüvə obyektlərində təftiş aparılması məsələsi 1993-cü ildə qaldırılsa da rəsmi Pxenyan Atom Enerjisi üzrə Beynəlxalq Agentlyinin müfəttişlərini nüvə poliqonuna buraxmaqdan imtina edib.
Qeyd edək ki, 1994-cü ildə ABŞ KXDR-ə qarşı müharibəyə başlamaq niyyətində də olub, ancaq onda amerikalı mütəxəssislər ehtimal edilən 90 günlük müharibədə 52 min ABŞ və 500 minə yaxın cənubi koreyalı hərbçinin həlak olacağını, eləcə də bu savaşın 61 milyard dollara başa gələcəyini hesablayıb. Plan Ağ Evə təqdim etdildikdən sonra o vaxtkı ABŞ prezident Bill Klinton bundan imtina etmişdi.
Sonrakı illərdə də ABŞ-la Şimali Koreya arasında münasibətlərdə gərginliklər azalmayıb.
KXDR-in əvvəlki rəhbəri Kim Çen İr öldükdən sonra onun yerini tutan oğlu Kim Çen Inın daha ağıllı və məntiqli siyasət yürüdərək, Qərblə münasibətlərin normallaşması istiqamətində addımlar atacağı ehtimal olunsa da, bu elə ehtimal olaraq da qaldı. Ölkənin indiki başçısı babası Kim İr Sen və atası Kim Çen İrin yolunu davam etdirməkdədir.
KXDR qapalı dövlət olduğundan onun iqtisadiyyatı, dövlət büdcəsi, o cümlədən hərbi xərcləri heç də elan edildiyi rəqəmlərə uyğun gəlmir.
Məsələn, 2009-cu ildə müdafiə xərcləri 9 milyard dollar elan edilsə də, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bu məbləğin 15 dəfə çox olduğunu bildirmişdi.
Ölkə əhalisinin yaşayış səviyyəsi də çox aşağıdır. Bu məsələyə aid uyğun siyahıda Şimali Koreya sonuncu yerlərdən birindədir.
Bütün bunlara baxmayaraq, KXDR sürətlə silahlanmağı davam etdirir. Sonuncu sınaqla bağlı şübhəli məqamların olduğu da bildirilir. Cənubi Koreya kəşfiyyatı yeraltı təkanlar yetərincə olmadığından Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə şübhə ilə yanaşıb. "Şimali Koreya hidrogen bombasından danışır, ancaq yeraltı təkanların ölçüləri bunun mümkün olmadığını göstərir. 2013-cü ildə üçüncü nüvə sınağı zamanı yeraltı təkanlar 7,9 kiloton və ya 4,9 bal ekvivalentində olmuşdu. Bu dəfə isə 6 kiloton, yaxud 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb", - deyə Cənubi Koreyanın kəşfiyyatı bildirib.
Məlumata görə, hidrogen bombası bir neçə yüz ton, hətta uğursuz sınaqda belə onlarla ton gücündə olur.
Kim Çen In rejiminin həyata keçirdiyi sonuncu sınağı Qərb dövlətləri ilə yanaşı ən yaxın müttəfiqləri, daha doğrusu himayədarları, sponsorları Rusiya və Çin də qınayıb. 
Belə bir şəraitdə rəsmi Pxenyanın bu addımı atması bir neçə səbəbdən ola bilər:
- Kim Çen In ölkə daxilində ehtimal olunan narazılıqları güc nümayişi ilə yatırtmaq istəyir;
- Cəmiyyətə qonşuları-Cənub Koreya və Yaponiyanı, habelə Qərbi "xoxan" kimi göstərməkdə davam edir;
- Yaponiya və Cənubi Koreyanı təhdid edir;
- Ölkənin düşdüyü ağır maliyyə-iqtisadi vəziyyətdən çıxmaq, əlavə güzəştlər və maliyyə vəsaiti əldə etmək üçün "blef" edir;
- ABŞ-la birbaşa şərtsiz danışıqlar masası arxasında oturmağa cəhd göstərir;
- Çindən əlavə yardım almağa çalışır;
-  Özünü müttəfiqləri, Çin və Rusiyanın yadına salır;
- Ehtimal olunan hakimiyyət dəyişikliyinin qarşısını bu yolla almağa çalışır;
- Atom, hidrogen silahı olduğunu nümayiş etdiməklə Şimali Koreyaya qarşı müharibə ehtimalını azaltmağa səy göstərir və s.
Beləliklə, keçmiş SSRİ-dən miras qalan, hazırda Çin və Rusiyanın dəstəklədiyi bir rejim Uzaq Şərqi (burada Orta Şərqdə baş verənləri də yada salmaq olar), ümumilikdə bütün dünyanı təhdid edir. Başqa sözlə kimlər sülaləsi 60 ildən artıqdır Şimali Koreyanın əhalisini terrorçular kimi girov saxlayır. Rəsmi Pxenyanın müdafiə edənlər isə 25 milyona yaxın insanı girov saxlayan Kim Çen Inın hakimiyyətini müdafiə edirlər. Bu zaman belə bir təbii sual yaranır: dünyanı təhdid edən rejimləri dəstəkləməkdən imtinanın zamanı niyə çatmır?! Axı, bu rejimlər dolayı da olsa himayədarlara da baş ağrısı yaradır.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/25-milyon-insani-girov-saxlayan-simali-koreya-rejimi-butun-dunyani-tehdiq-edir-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR