Gəncənin yeni taksiləri - FOTO

Gəncənin yeni taksiləri - FOTO
18:12 7 Yanvar 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır. Nizami yurdu bu il şəhərə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır. Bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan NAZ Lifan avtomobilləri "Gəncə AGP-2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub.  

Məqsəd Rəhimov - NAZ-ın mətbuat xidmətinin rəhbəri: "Gəncənin "Avropa Gənclər paytaxtı" olması ilə əlaqədar, şəhərimizə Avropadan və dünyanın müxtəlif ölkələrindən xeyli sayda həm qonaqlar, həm də turistlər gələcək. Təbii ki, müasir standartlara cavab verən, hər bir şəraiti olan taksilərin şəhərimizdə fəaliyyət göstərməsi vacibdir. Bu baxımdan da Naxçıvan Avtomobil Zavodunun rəhbərliyi Gəncədə belə bir xidmətin fəaliyyət göstərməsini planlaşdırdı".

Bu taksilərin sürücüləri vahid formadan istifadə edir. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub. 

Nicat Mahmudov - sürücü: "Tələbat var. Minirlər, gəzdiririk şəhərdə. Turistlər də gələndə otururlar taksilərə, gəzdiririk. Tarixi abidələrimizlə tanış edirik, gəzməli-görməli yerlərə aparırıq. Məsələn, Nizami məqbərəsidir, Şah Abbas Məscididir və s".

Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin şəhərimizdə tətbiqi deməkdir.

Sakinlər, xüsusi ilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.

Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11.500 manat ödəməklə və ya 3 illik kreditlə "Naz Lifan"ları əldə edə bilər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR