Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Televizora hansı antena ilə baxmalıyıq?

Televizora hansı antena ilə baxmalıyıq?

Date: 8 January 2016 08:42

Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, Azərbaycan ərazisində rəqəmsal televiziya yayımına keçid məsələsi artıq həll olunub. Analoq yayımın davam etməsi isə ölkənin gücünə bağlıdır. Onun sözlərinə görə, 2015-ci ilin sonuna kimi analoq yayımın dayandırılması nəzərdə tutulur.

Daha sonra MTRŞ-nin Texniki şöbəsinin müdiri İsa Məmmədov isə qeyd etmişdi ki, Azərbaycan ərazisinin böyük hissəsi rəqəmli televiziya yayımı ilə təmin olunub, lakin rəqəmli yayımla paralel olaraq analoq yayım da tətbiq olunur: "Çünki bəzi yerlər var ki, orada vətəndaşlar rəqəmli yayımdan istifadə edə bilmirlər. Buna görə də biz analoq yayımın vaxtını uzatmağa məcbur olduq".

Daha sonra elan edildi ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq. Hətta bununla bağlı konkret tarix də göstərildi - 31 dekabr 2015-ci il. Bir sıra mənbələrdə Azərbaycanın bunu analoq yayımın dayandırılması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəlik götürməsi ilə əlaqələndirdilər.

Lakin elan edilən vaxtdan artıq bir həftə keçməsinə baxmayaraq, Azərbaycanda analoq televiziya yayımı hələ ki, dayandırılmayıb. Bunu Milli.Az-a həm MTRŞ-dən, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) təsdiq ediblər.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov Milli.Az-a açıqlamasında deyib ki, analoq yayımın dayandırılması bir müddətlik təxirə salınıb:

"Vaxtilə qərar verilmişdi ki, dekabrın sonundan etibarən analoq yayımı dayandırılsın. Lakin sonra qərar verildi ki, yayım bir müddət davam etsin. Lakin bu məsələ yaxın aylarda tam həllini tapacaq və böyük ehtimalla bir neçə aydan sonra analoq yayım tam dayandırılacaq. Bununla bağlı müvafiq qərarı efir siyasətini müəyyən edən təşkilatlar və şəxslər verəcəklər. Amma hazırda analoq televiziya yayımının davam etməsinin tamaşaçıya heç bir ziyanı yoxdur. Sadəcə bununla bağlı əlavə xərclər var ki, onu da "Teleradio" İstehsalat Birliyi ödəyir. Bura xidmət, təmir, elektrik xərcləri və s. daxildir".

Lakin şöbə müdiri Azərbaycanın analoq yayımın dayandırılması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəlik götürmədiyini deyib: "Bizim götürdüyümüz öhdəlik yalnız rəqəmsal televiziya yayımının təmin edilməsi ilə bağlı idi. Bu öhdəliyi isə biz artıq çoxdan yerinə yetirmişik. Hazırda hər iki yayım paralel rejimdə fəaliyyət göstərir və heç birinin də digərinə ziyanı yoxdur".

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov Milli.Az-a bildirib ki, Azərbaycanda tam olaraq rəqəmsal televiziya yayımına keçid və analoq yayımın dayandırılması üçün texniki cəhətdən heç bir problem yoxdur:

"Sadəcə bununla bağlı yekun qərarı hökumət verməlidir. Ona görə də biz hələ ki, heç bir yerdə analoq yayımı dayandırmaq üçün cihazları söndürməmişik. Biz sadəcə icraçıyıq və işin texniki tərəfini görürük və bunu etmək üçün texniki cəhətdən bizdə heç bir problem yoxdur".

Xatırladaq ki, MTRŞ sədri N.Məhərrəmli onu da qeyd etmişdi ki, analoq yayımın tam dayandırılması və rəqəmsal yayıma keçid üçün əvvəlcədən ciddi hazırlıq işləri görülməlidir: "Dekoderlər, yəni çeviricilər mağazalarda olmalıdır ki, insanlar həmin çeviricini alsınlar. Amma burada əsas məsələ sosial cəhətdən imkansız ailələrlə bağlıdır. Məsələn, Azərbaycanda  2 milyon yarım ailə varsa, bu ailələrin böyük bir qismi analoq yayıma müraciət edir. Əgər birdən-birə analoq yayımı dayandırsaq, xeyli sayda insan televiziyaya baxmaq imkanından məhrum olacaq".

İlkin İzzət

Milli.Az


Tags:  Televizora hansı antena baxmalıyıq


RƏYLƏR


Top news