Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Salatın Əsgərovanın qətlindən 25 il ötür

Salatın Əsgərovanın qətlindən 25 il ötür

Date: 9 January 2016 18:17

Bu gün Jurnalist Qadınlar Assosiasiyası və fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuş və amansızcasına qətlə yetirilmiş Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq onun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub.

Assosiasiyadan Milli.Az verilən məlumata görə, şəhid jurnalisitin ruhu bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub, məzarı önünə gül qoyulub.

Anım mərasimində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova "Le Carrefour" qəzeti ilə birgə həyata keçirilən bu ideyanın məqsədinin Azərbaycanın qəhrəman jurnalisti, şəhid Salatın Əsgərovanın bu günkü nəslə tanıdılması olduğunu deyib. O, bildirib ki, orta nəsil jurnalistlər Salatın Əsgərovanı tanıyır və onun haqqında məlumata sahibdirlər. Müasir gənclərə, xüsusən gənc jurnalistlərə Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılması çox vacib işdir və bu, mühüm bir addım kimi qiymətləndirilə bilər.

"Le Carrefour" qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova bildirib ki, "Молодежь Азербайджана" qəzetinin müxbiri olan Salatın Əsgərova Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxması, obyektiv məlumatların yayılmasına çalışıb. Hazırda ölkəmizin təbliğatı naminə Azərbaycanın müxtəlif xarici dillərdə bilən jurnalistlərə ehtiyacı olduğu qədər həmin dövrdə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında məhz Salatın Əsgərova kimi rus dilini bilən, qəhrəman və vətənpərvər jurnalistlərə ehtiyac var. Salatın Əsgərova öz həyatını jurnalist peşəsinə qurban verib.

Həmin dövrdə Azərbaycanda cəbhədən yazan jurnalistlərin fəaliyyətindən söz açan, "Salatın Əsgərova mukafatı"na layiq görülmüş jurnalist Əntiqə Qonaqova ilk dəfə bu mukafatın məhz ona təqdim olunduğunu xatırladaraq, hər zaman bununla fəxr hissi keçirdiyini bildirib.

AzərTAc-ın əməkdaşı, jurnalist Zərəngiz Mansurova öz çıxışında Salatın Əsgərovanın Vətənini sevən, mərd və cəsur Azərbaycan qadını olduğunu bildirib. O, müəllifi olduğu və şəhidlərə həsr etdiyi şeri səsləndirib.

"Xalq qəzeti"nin əməkdaşı Zərifə Rəşidqızı Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, tədbirdə ictimai fəal jurnalist qadınlar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Milli.Az




Tags:  Salatın Əsgərovanın qətlindən 25 il ötür


RƏYLƏR


Top news