Türkiyənin paytaxtı Ankarada ötən il oktyabrın 10-da 103 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsini törədən ikinci kamikadzenin şəxsiyyəti məlum olub. ANS PRESS-in məlumatına görə, Türkiyənin yarı-rəsmi “Anadolu” agentliyi Ankara Respublika Baş Prokurorluğuna istinadən bildirir ki, ikinci kamikadze Suriya vətəndaşı E.U. olub.
Respublika baş prokurorluğu faktla bağlı oktyabrın 19-da verdiyi açıqlamada, teraktı İŞİD terror qruplaşmasının üzvü olan Yunus Emre Alagöz adlı terrorçu ilə şəxsiyyəti müəyyən olunmayan kamikladzenin həyata keçirdiyini açıqlamışdı.
Terror hadisəsinin baş verdiyi Ankara qatar stansiyası
2015-ci il oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada qatar stansiyasının yaxınlığında çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş vermişdi. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, bu say daha sonra 103 olmuşdu.