Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həkimləri aldadanlara 100 manat cərimə

Həkimləri aldadanlara 100 manat cərimə

Date: 11 January 2016 17:27

KANAL S (REGİON TV) xəbər verir ki, Şəkidə son vaxtlar Təcili Tibbi Yardım Stansiyasına daxil olan yalançı zənglərin sayı artıb. Bu isə narahatlıq doğurmaya bilməz. İnsanların sağlamlığının keşiyində duran bu xidmət əməkdaşları ilə belə yersiz zarafat yolverilməzdir. Bu amilin hansı nəticələrə səbəb ola biləcəyini əsas tutan hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hərəkətə keçiblər.

Bir yalançı çağırış hansısa bir insanın həyatı bahasına başa gələ bilər. Təəssüflər olsun ki, son zamanlar Şəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (103 xidməti) belə yalançı çağırışlar tez-tez daxil olur. Belə hallar əsl yardıma ehtiyac duyan insanlara tibbi yardımın vaxtında göstərilməməsinə səbəb ola bilər. Əlbəttə, əyləncə xatirinə belə yaramaz hərəkətlərə yol verənlər cəzasız qalmayacaqlar.

İndi 103 xidmətinin əməkdaşları doğrunu yalandan ayırd etmək məcburiyyətindədirlər. Bununla belə, bəzi hallarda deyilən ünvana briqada yollanır, ancaq əməkdaşlar ora çatdıqda yalançı zəngin qurbanı olduğunu anlayırlar.

Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. 103 xidməti və digər ixtisaslaşdırılmış orqanlara yalan məlumat verən şəxslər qanun qarşısında cavab verəcəklər. Bu insanların müəyyənləşdirilərək cəzalandırılacağı bildirilir.

Bu xidmətlərə yalandan məlumat vermə və bu kimi hallara qarşı 100 manat məbləğində cərimə nəzərdə tutulur. Qanuna görə, bu kimi halların təkrarlandığı təqdirdə cinayət məsuliyyəti qaçılmaz olur. Ümid edirik ki, bu insanlar peşman olacaq və bir daha belə əməl törətməyəcəklər.

Milli.Az 


Tags:  Həkimləri aldadanlara 100 manat cərimə


RƏYLƏR


Top news