Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

TANAP-da istifadə olunacaq borular hamısı artıq təhvil verilib

TANAP-da istifadə olunacaq borular hamısı artıq təhvil verilib

Date: 13 January 2016 13:53


Bakı, 13 yanvar, Nihad Budaqov, AZƏRTAC
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə işlər sürətlə davam etdirilir. Layihədə istifadə olunmaq üçün istehsal edilən 850 kilometrlik boruların hamısı artıq təhvil verilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təhvil verilən 850 kilometrlik boruların 20 faizi Çində, qalan hissəsi isə Türkiyədə istehsal edilib. Layihə çərçivəsində Türkiyə sərhədləri daxilində Əskişəhər və Trakyada təbii qaz ötürmə şəbəkəsi ilə əlaqəli iki çıxış stansiyası qurulacaq.
Cənubi Qafqaz Boru Kəməri (CQBK) və “Trans-Adriatik” (TAP) boru kəmərinə birləşərək “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 850 kilometr olacaq.
Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
 


Tags:  TANAP-da istifadə olunacaq borular hamısı təhvil verilib



RƏYLƏR


Top news