Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan hökumətinin zəlzələ ilə əlaqədar humanitar yardımı Tacikistan tərəfinə təqdim edilib

Azərbaycan hökumətinin zəlzələ ilə əlaqədar humanitar yardımı Tacikistan tərəfinə təqdim edilib

Date: 13 January 2016 20:39


Düşənbə, 13 yanvar, AZƏRTAC
Ötən il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ölkəyə göndərilən humanitar yardım Tacikistan tərəfinə təqdim edilib.
Humanitar yardımın qəbulu mərasimində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Nematullo Xikmatullozoda çıxış edərək Tacikistan hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, Tacikistan hökuməti və tacik xalqı qardaş Azərbaycan hökumətinin və xalqının yardımını heç vaxt unutmayacaq.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bildirib ki, Azərbaycan hökumətinin göndərdiyi humanitar yardım xalqlarımızın tarixi dostluğunun göstəricisidir.
Səfir deyib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Tacikistan dövlətləri arasında dostluq münasibətlərinin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikistanın Prezidenti, tacik xalqının lideri Emoməli Rəhmon tərəfindən qoyulub.
Mərasimdə qeyd edilib ki, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 yataq dəsti (yastıq, odeyal, döşək ağı dəsti), 50 generator, 110 çadır, 6000 kvadratmetr dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.
Xatırladırıq ki, ötən il dekabrın 7-də vilayətdə baş vermiş güclü zəlzələ zamanı 1327 ev dağılıb və ya ciddi zədələnib, min nəfərə yaxın insan evsiz qalıb. Bundan başqa, ölkədə çoxsaylı sosial obyekt, kitabxana və məktəb binasına da ciddi ziyan dəyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə



Tags:  Azərbaycan hökumətinin zəlzələ əlaqədar humanitar yardımı Tacikistan tərəfinə təqdim edilib


RƏYLƏR


Top news