Səbail rayonu qəsəbə və ərazi nümayəndəliklərində ilin yekunları müzakirə olunub

Səbail rayonu qəsəbə və ərazi nümayəndəliklərində ilin yekunları müzakirə olunub
00:38 14 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları müzakirə olunub. Bununla əlaqədar ilk hesabat iclası Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, təsərrüfat xidmətləri nümayəndələrinin, sakinlərin iştirakı etdikləri toplantıda 2015-ci ildə rayonun mərkəz hissəsində həyata keçirilən işlərdən danışılıb, qarşıda duran vəzifələr müzakirə olunub, cari il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirib ki, ötən il nümayəndəliyin ərazisində “İnturist” oteli, rayon üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyası və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binalar istifadəyə verilib. Həmçinin, Bakı İdman Sarayında və 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir, yenidənqurma işləri başa çatıb. Hazırda “Alov qüllələri” kompleksinin, “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının tikintisi, İncəsənət Muzeyinin əsaslı təmiri davam etdirilir.
Bildirilib ki, mərkəzdə 19 binanın üzlənməsi başa çatıb, bir binada həmin işlər davam edir. Hesabat dövründə mərkəzi küçələrdə səki kənarlarına yeni bordürlərın qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılıb. Bununla yanaşı, sakinlərin elektrik enerjisi, qaz təsərrüfatı, istilik, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı müvafiq işlər həyata keçirilib. İl ərzində Abbasqulu Abbaszadə küçəsi boyunca 7 min yeni ağac və 15 min gül kolu, 3 min kvadratmetr qazon otu əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.
Rayon icra hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, burada hazırda 2335 insan yaşayır, həmçinin 370 nəfər məcburi köçkün məskunlaşıb. Keçən il sakinlərin müraciəti nəzərə alınaraq tibb məntəqəsində istilik sistemi qurulub, dam örtüyü təmir olunub, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılıb.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin Bakının inkişafına göstərdiyi diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. O, 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilən sosialyönümlü layihələr barədə məlumat verib. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində və Bibiheybət qəsəbəsində mühüm layihələr həyata keçirilir. Bununla yanaşı, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.
Qeyd edilib ki, icra hakimiyyəti tərəfindən qəsəbə yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemlərinin yenidən qurulması, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sebail_rayonu_qesebe_ve_erazi_numayendeliklerinde_ilin_yekunlari_muzakire_olunub-918280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR