Azərbaycan-Pakistan hərbi əməkdaşlığı dostluq və qardaşlıq münasibətləri üzərində qurulub

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı dostluq və qardaşlıq münasibətləri üzərində qurulub
17:33 14 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, admiral Muhammad Zakaullah ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq “Şərəf kitabı”nı imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə ediblər. Habelə döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi vurğulayıblar.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində belə görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Pakistan_herbi_emekdasligi_dostluq_ve_qardasliq_munasibetleri_uzerinde_qurulub-918466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR