BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Azərbaycan hökumətinə təşəkkür edib

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Azərbaycan hökumətinə təşəkkür edib
19:23 14 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC 
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə Nyu-Yorkda səfərdədir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 16-dək davam edəcək səfərin məqsədi BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər keçirmək və qurumun qərargahında Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda təşkil etdikləri görüşdə iştirak etməkdir.
Səfər çərçivəsində V.Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al Nasser ilə görüşüb. Ali nümayəndə BMT-nin Sivilizasiyalar Alyansına və ümumiyyətlə dünyada mədəniyyətlərarası dialoqa dəstəyinə və töhfələrinə görə Azərbaycan hökumətinə və ölkə rəhbərinə təşəkkürünü bildirib. O, bu il aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna təşkilatın ən yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
V.Eyvazzadə Foruma ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunduğunu, habelə müvafiq Sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini və bununla bağlı Tədbirlər Planı hazırlanacağını diqqətə çatdırıb. Qeyd edilib ki, Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir.
Görüşdə mart ayında Forumun BMT-nin baş qərargahında təqdimatı, Sivilizasiyalar Alyansının nümayəndə heyətinin Azərbaycana səfəri, “Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Sivilizasiyalar_Alyansi_uzre_ali_numayendesi_Azerbaycan_hokumetine_tesekkur_edib-918517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR