Tacikistan ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb

Tacikistan ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb
21:23 15 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 15 yanvar, AZƏRTAC 
Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Tacikistanın “Cahonnome” televiziya kanalı, “Tocikiston” radiosu, “Xovar” informasiya agentliyi, “Elm va Hayot” jurnalı, “Narodnaya qazeta”, “Faraj”, “Çarxi Qardun”, “Xalq Ovozi”, “Payomi Duşanbe”, “Cavononi Tocikiston”, “SSRİ”, “Chelovek i priroda” qəzetlərinin nümayəndələri, xəbər portallarının əməkdaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı keçmiş SSRİ-nin rəhbəri Mixail Qarbaçov olub. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində gecə saat 00:00-da komendant saatının elan olunması barədə sənəd M.Qarbaçov tərəfindən qabaqcadan imzalansa da, əhaliyə bu haqda məlumat verilməyib, bir gün sonra səhər tezdən elan edilib. Axşam saatlarında dövlət televiziyasının enerji bloku partladılıb. Həmin günlərdə SSRİ-nin ovaxtkı güc strukturlarının rəhbərləri Bakı şəhərində idilər və əməliyyata rəhbərlik edirdilər. O gecə xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə edilib, dinc əhaliyə qarşı qəddarlıq göstərilib.
Diqqətə çatdırılıb ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bu hadisələrə kəskin etirazını bildirib. O, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənlərin cəzalandırılmasını tələb edib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, günahkarlar müəyyən olunub.
A.Həsənov mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, 2015-ci ildə ölkəmizin sosial-iqtisadi yekunları haqqında söhbət açıb.
Səfir ötən il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tacikistan hökumətinə 800 min manat dəyərində humanitar yardım göndərilməsi haqqında da məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistan_ictimaiyyeti_20_Yanvar_faciesi_haqqinda_melumatlandirilib-918974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR