Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin tapşırığı ilə sənayenin modernləşdirilməsi istiqamətində davamlı iş aparılır

Prezidentin tapşırığı ilə sənayenin modernləşdirilməsi istiqamətində davamlı iş aparılır

Date: 16 January 2016 11:53


Bakı, 16 yanvar, Laçın Sultanova, AZƏRTAC
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, sənayenin modernləşdirilməsi müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla həyata keçirilir. Ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması istiqamətində ardıcıl işlər görülür.
Bunu AZƏRTAC-a İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında texnoparkların, sənaye klasterlərinin, bütün regionlarda sənaye zonalarının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası barədə danışarkən bildirib. A.Əliyev deyib:
- Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi və yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və bu proqramın həyata keçirilməsi üzrə müvafiq Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planı sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi və sənaye sahəsində qanunvericiliyin təkmilləşdirilməsi kimi 5 istiqamət üzrə 61 tədbiri əhatə edir.
Hazırda Dövlət Proqramında qeyd olunan istiqamətlərdə, o cümlədən yeni sənaye müəssisələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Belə ki, 2015-ci ildə 250-dən çox sənaye müəssisəsi, o cümlədən Bakıda və Abşeron rayonunda tikinti materialları, elektrotexniki avadanlıqlar, PVC tərkibli yarımfabrikatlar, metal konstruksiyalar və geyim istehsalı müəssisələri, elektrik yarımstansiyaları fəaliyyətə başlayıb. Sumqayıtda beton məmulatları, tekstil, plastik qablar, karton və texniki avadanlıqlar istehsalı müəssisələri istifadəyə verilib. Regionlarda görülmüş işlər nəticəsində avtomobil zavodunda yeni istehsal xətti, tikiş fabriki, üzlük material, plastik qablar, texniki rezin məmulatları, ayaqqabı, tara, karton, limonad istehsalı, habelə meyvə-tərəvəz, ət emalı, çörək, yem, süd istehsalı müəssisələri istismara verilib.
Qeyd olunan Dövlət Proqramının əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı yaradılıb. Görülən işlərin davamı kimi 2015-ci ildə də ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parklarına yeni investorların cəlb olunması istiqamətində işlər aparılır. Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının hər birində 4 rezident, Qaradağ Sənaye Parkında 1 rezident, Neftçala Sənaye Məhəlləsində isə 2 iştirakçı fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib.
Təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Artıq Parkın rezidenti “Azertexnolayn” MMC tərəfindən dəyəri 45 milyon ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb.
Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib və ümumi dəyəri 404 milyon ABŞ dollarından çox olan iki sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi aparılır.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 milyon manatdan artıq investisiya yatırımı nəzərdə tutulur.
Hazırda Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati binanın, ümumi sahəsi 7779 kvadratmetr olan dörd istehsal blokunun və bütün zəruri infrastrukturun tikintisi davam edir. Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 hektar torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14908 kvadratmetr olan səkkiz istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. Artıq 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən Sənaye Məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.
Eyni zamanda, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Gəncə şəhərində sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Bununla əlaqədar şəhərdə metallurgiya sənayesi üzrə ixtisaslaşmış sənaye parkının yaradılması planlaşdırılır.
Klasterlərin yaradılması son illər Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biridir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında klasterlərin rolu böyükdür. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkı da daxil olmaqla, kimya sənayesi üzrə klasterin formalaşması üçün ölkəmizdə geniş imkanlar var. Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR Polymer” layihəsi çərçivəsində ölkənin polimer materiallarına olan tələbatının ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının artırılması nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi başa çatdıqdan sonra zavod bu sahədə əsas xammal təchizatçısı kimi çıxış edəcək.
Mingəçevir Sənaye Parkının ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə regionda yüngül sənaye klasterinin yaradılmasına təkan verəcək. Oxşar klaster nümunəsi Sumqayıtda fəaliyyət göstərən tekstil parkında da mövcuddur.
Azərbaycanın digər rayonlarında da sənaye məhəllələrinin yaradılması ilə bağlı araşdırmalar aparılır. Sənaye məhəllələrinin yaradılması ölkə ərazisində klasterləşmənin dəstəklənməsi və inkişafı baxımından əhəmiyyətlidir. Belə ki, ölkənin müxtəlif regionlarında sənaye məhəllələrinin yaradılması, sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin arasında işgüzar əlaqələrin qurulması və bu əlaqələrin gələcəkdə istehsal zəncirinin digər komponentlərini də əhatə etməsi klasterləşmə prosesinə təkan verən zəruri şərtlərdəndir.

Tags:  Prezidentin tapşırığı sənayenin modernləşdirilməsi istiqamətində davamlı aparılır


RƏYLƏR


Top news