Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC telekanalına müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.
O, Xədicə İsmayılovanın adını çəkməsə də, "Azərbaycanda araşdırmaçı qadın jurnalistin" işini götürməsindən danışıb.
Kluni jurnalistin yataq otağında videokameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, "jurnalisti saxlamayıb və indi o, dəmir barmaqlıqlar arasındadır".
Amal Kluni deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Xədicə İsmayılovanın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyiblər.

Amal Kluni: olduğu kimi...

Hollivud ulduzu, tanınmış aktyor Corc Kluni ilə 2014-cü ilin sentyabrın 27-də ailə qurmuş Amal Kluni toya qədər Amal Əlamuddin idi.
Livanın paytaxtı Beyrutda, erməni ailəsində anadan olmuş Amalın atası Beyrut Universitetindəki biznes və menecment fakültəsinin professoru, anası "Əl Həyat" qəzetinin redaktoru idi.
Amal anadan olandan iki il sonra ailə Londona köçüb. Amal Əlamuddin Oksford Universitetindəki Sent-Hyu kollecini, daha sonra Nyu-York Universitetinin hüquq fakültəsini "beynəlxalq hüquq, ekstradisiya məsələləri və insan haqlarının müdafiəsi" ixtisası üzrə başa vurub.
2004-cü ildə BMT-nin Beynəlxalq Məhkəməsində işə başlayan A.Əlamuddin 2010-u ildə İngiltərə və Uelsdə vəkillik lisenziysı alıb, "Doughty Street Chambers" hüquq şirkətində işə başlayıb.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq

Onu məşhurlaşdıran məqamsa WikiLeaks saytının banisi Culian Assanjı 2011-ci ildə müdafiəyə başlaması və müvəkkilinin İsveçə ekstradisiyasının qarşısını almağa can atması idi.
Amal Əlamuddin bu işi uduzdu, Assanj qaçıb Ekvador səfirliyində gizləndi.
Daha sonra A.Əlamuddin Tailandla Kamboca arasında ərazi mübahisəsi ilə bağlı Haaqadakı Beynəlxalq Məhkəmədə Kombocanın vəkili oldu.
Və bu işdə də Əlamuddin məğlub oldu.
Amal hələ Əlamuddin olduğu zamanlarda Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu Avropa İnsan Haqları Məhkəməsində müdafiə etmiş, uduzmuşdu.
Və ən nəhayət, BMT-nin sabiq baş katibi Kofi Annan Suriyadakı qanlı vətəndaş müharibəsinə son qoymaq üçün vasitəçilər qrupuna qatılanda Amalı özünə müşavir seçmişdi.
Annan bu müşaviri cəmi iki həftə sonra işindən kənarlaşdırdı, çünki Amalın "məsləhət"ləri o qədər absurd, verdiyi arayışlar və məlumatlar o qədər yanlışdı ki, suriyalılarla bahəm, ərəblər, amerikalılar, fransızlar Kofi Annanı ələ salmağa, "Suriyanı tanımayan adamın Suriya ambisiyaları gülüncdür" deməyə başlamışdılar.

Məhkəməni şou sayan xanım

ABŞ və Britaniyadakı erməni diasporu ilə çox sıx əlaqələri olan Amal Əlamuddin 2011-ci ildə qondarma "erməni soyqırımı" ilə bağlı Londonun Trafalqar meydanında ermənilərin təşkil etdiyi aksiyaya qatılmışdı.
Daha sonralarsa o, ermənilərin belə tədbirlərinin və aksiyalarının az qala daimi iştirakçısına çevrilmişdi.
Britaniyanın tanınmış vəkilləri arasında Əlamuddin natamamlıq kompleksinə mübtəla olmuş, ifrat şöhrətpərəst, anormal ambisiyalı insan kimi tanınır.
Onun Hollivud ulduzu Corc Kluni ilə ailə qurmasından sonra məhkəmə sifarişlərinin artmasına gəldikdə isə, Britaniyada buna istehza edirlər.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq

Britaniyanın sabiq ədliyyə naziri, ölkənin ən nüfuzlu hüquqşünaslarından biri lord Edvard Foks Londonda kitabının təqdimatında demişdi: "Əfsuslar olsun ki, aramızda "məşhur vəkil" kimi tanınan Amal Kluni kimilər də var. Amalı uğursuz vəkil, yalnız kütlə qarşısında görünməkdən həzz alan ambisioz insan kimi tanıyıram. O, hətta həbsxanada olan müvəkkili ilə görüşə də qırmızı rəngdə, 925 funt-sterlinq dəyərində olan "Dolce and Gabbana" paltarı ilə gedir. Tanrı eşqinə, biri bu qadına izah etsin ki, həbsxana gecə klubu və ya restoran deyil... Amal Klunini vəkil tutanların yalnız bir məqsədi var: əri Corc Kluninin sayəsində tanınan bu xanım vasitəsilə prosesə medianın diqqətini cəlb etsinlər. Bəs necə - məhkəmədə Kluninin arvadı varsa, deməli, "oraya getməyə dəyər"... Heyhat..."

Al Jazeera telekanalının jurnalisti, kanadalı Məhəmməd Fəhmi Misirdə həbs olunanda da Amal Klunini vəkil tutmuşdular. Kluni həmişə olduğu kimi, prosesi paltarlarının və nitq qabiliyyətinin nümayişinə çevirdi, ucuz şou yaratdı.
Kluni prosesi uduzdu, Fəhmi 3 il müddətinə azadlıqdan məhrum olundu.

Britaniyanın ən məşhur hüquqşünaslarından biri, "Legal Cheek" hüquq portalının redaktoru Conatan Eyms deyir: "Amal Klunini insan haqları sahəsində məşhur vəkillərdən biri sayırlar. Bu, tamamilə yanlışdır. Amalın çıxdığı proseslərə diqqəti cəlb edən onun savadı, peşəkarlığı və ya bacarıqları deyil. Qətiyyən! Amala olan diqqət yalnız onun Corc Kluninin arvadı olması ilə bağlıdır".
İş o yerə çatıb ki, "Amal Kluni vəkil kimi çıxdığı məhkəmə proseslərini sanki vücudunu və paltarlarını göstərmək üçün şou sayır" deyən vəkil Merilin Sayksın açıqlamasını belə, Kluninin çalışdığı "Doughty Street Chambers" hüquq şirkəti şərh etmək istəməyib.

Yunanlar da aldandılar

Yunanıstan hökuməti Afina Akropolundakı mərmər heykəllərini Londondan vətənə qaytarmaq üçün Britaniyaya qarşı məhkəmə iddiası qaldırmışdı. Vəkil qismində isə "məşhur" Amal Kluni tutulmuşdu.
Kluni də prosesə bossu və tərəfdaşı Ceffri Robertsonla qatılmışdı.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq

Akropolun qədim heykəllərini 19-cu əsrin əvvəllərində britaniyalı kolleksiyaçı lord Elgin Londona aparmışdı. Bu səbəbdən də həmin heykəllər "Elgin mərməri" kimi tanınır.
Afina tarixi irsini geri qaytarmaq üçün qərinələrdən bəri çalışsa da, yunanların cəhdləri bir nəticə verməmişdi.
2011-ci ildə işə başlayan Kluni bu prosesi uduzdu.
"Elgin mərməri" hələ də Londonda, Britaniya Muzeyindədir.

Doğuya qarşı "oynadı", uduzdu

Türkiyə Vətən Partiyasının (o vaxtkı İşçi Partiyasının) lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilən mitinqdə "Erməni soyqırımı beynəlxalq yalandır!" sözlərinə görə İsveçrə polisi tərəfindən nəzarət altına alınmışdı.
O dövrün xarici işlər naziri Abdulla Gülün isveçrəli həmkarıyla telefon danışığından sonra D. Perinçək sərbəst buraxılsa da, istintaqa ifadə vermək məcburiyyətində qalmışdı.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq

Məhkəmənin qərarı ilə 3 ay həbs cəzası verilən D. Perinçəkin cəzası daha sonra cərimə ilə əvəzləndi. 2008-ci martında D. Perinçək "Ergenekon" adı verilmiş əməliyyat çərçivəsində həbs edilib. Həmin ilin iyununda vəkil Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrə barədə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi verib.
Strasburq məhkəməsinin tələbi ilə Türkiyə Xarici İşlər Nazirliyi 15 sentyabr 2011-ci ildə o dövrün xarici işlər naziri Əhməd Davutoğlunun imzasıyla AİHM-ə Doğu Perinçəkin mövqeyini müdafiə edən məktub göndərib. 17 dekabr 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsi İsveçrənin "söz və ifadə azadlığını məhdudlaşdırdığına" dair qərar qəbul edib. AİHM-in qərarında həmçinin 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi xarakterizə edilə bilinməyəcəyi qeyd edilib.
2014-cü ilin martında Doğu Perinçək həbsdən azad olunub. AİHM-in qərarından 16 mart 2014-cü ildə apellyasiya şikayəti verən İsveçrənin ərizəsinə Böyük Palatanın 28 yanvar 2015-ci ildə keçirilmiş iclasında baxılıb. Böyük Palata qərarının da müsbət çıxması halında Avropa Şurasına üzv olan ölkələrin parlamentlərinin qəbul etdikləri "erməni soyqırımı" qərarlarının əhəmiyyəti qalmayacaq.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq

AİHM-də Doğu Perinceklə bağlı prosesdə qondarma "erməni soyqırımı"nını tanınmasını tələb edən strukturların, daha doğrusu, ermənilərin istəyi ilə hərəkət edənlərin vəkili Amal Əlamuddin-Kluni idi.
A.Kluni həmin prosesdə məğlub oldu, mövqelərini məntiqli şəkildə izah edə bilmədi.
Buna rəğmən o, məğlubiyyətini az qala qələbə kimi qələmə verdi.

Yoxdur BMT-nin bir polisi ki...

Amal Kluni hazırda Maldivin sabiq prezidenti Mohamed Nəşidin hüquqlarını qoruyur.
Onun insan haqları ilə bağlı açıqlaması da yetərincə maraqlıdır.
"Qərbin inkişaf etmiş ölkələri insan haqları məsələsində bu və digər ölkənin dünya siyasətində tutduğu yerdən, həmin dövlətin önəmindən asılı qərar verməməlidir. İnsan haqlarının pozulmasına görə bütün dünyada universal məsuliyyət var. Beynəlxalq sistem təkmil olmayan struktura malikdir. BMT-nin polisi yoxdur ki, beynəlxalq hüququn tələblərinin və şərtlərinin yerinə yetirilməsini təmin etsin, dövlətlərin öz öhdəliklərini yerinə yetirməsinə nail olsun", - Amal Kluni deyib.
Yaxşı sözlərdir. Hətta gərəkli kəlmələrdir. Amma deyilən sözlərlə əməllər dissonans təşkil edəndə, düşüncə hərəkətdən geri qalanda, bəyanatlarla niyyətlər ziddiyyət təşkil edəndə hər şey pozulur, qroteskə çevrilir.

Erməni pullarının Amalı Bakıya qarşı çıxacaq
Amal Kluninin indi də Xədicə İsmayılovanın işi ilə bağlı prosesə çıxmaq istəyi sadəcə, onun təşəbbüsü və ya fərdi istəyi deyil. Məqsəd yenə də məhkəmə prosesindən faydalanaraq gündəmə gəlmək, insan haqlarının müdafiəsi və "həbs olunmuş araşdırmaçı jurnalistin dəmir barmaqlıqdan çıxarılması" ilə bağlı medianın diqqətində olmaqdır.

Azərbaycana qarşı yeni təzyiq vasitəsinə çevrilməyə razılaşan Amal Əlamuddin-Kluni kimlərin əlində oyuncaq olduğunu anlamamış deyil. Fəqət, pulu verən həmişə musiqini seçdiyi üçün, bəhs etdiyimiz vəkil də illərdir erməni diasporunun pullarını almaqdan qızırğalanmır. Əksinə, sifarişləri həvəslə yerinə yetirir.

Xədicə İsmayılova isə konkret halda Amalın əlində alətdir: yeni proses, yeni müsahibələr, fotolar, reportajlar və bu səbəbdən də yeni sifarişlər üçün bir mərhələ.
Əlamuddin-Kluninin yeni cəhdi ikrah doğurur.

Başqalarının hesabına - həmin kəslərin işindən, kimliyindən, məramından və əməlindən asılı olmayaraq - nəyəsə nail olmaq, saxta altruizm və qondarma "şəfqət" hissləri vasitəsilə hüquq müdafiəçisi, tanınmış vəkil obrazı yaratmaq, ən azı, qeyri-gigiyenik istəkdir.
Hüquq belə natəmizliyi sevmir.

Elçin Alıoğlu
Milli.Az