ATƏT-in Minsk qrupunun Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciəti özlüyündə siyasi turizmə çevrilmiş bu qrupun həmsədrlərinin fəaliyyətinin ən mənfi nəticəsidir.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupunun AŞ PA-da Dağlıq Qarabağla bağlı qətnamələrin müzakirəyə çıxarılmasına etiraz ifadə edən bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəla, Avropa Şurası və onun Parlament Assambleyası bu gün hüququn aliliyini müdafiə edir. ATƏT-in Minsk qrupu isə məhz hüquqi nihilizmə görə beynəlxalq hüquq normalarına, BMT-nin ATƏT-in təməl sənədlərini görməməzikdən gələrək, təcavüzkara, onun siyasətinə göz yumur: "Bu, özü özlüyündə beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Elə buna görədir ki, 25 ilə yaxındır ki, fəaliyyətlərinin heç bir nəticəsi yoxdur. Çox böyük təəssüf doğurur ki, onlar öz yararsız siyasətlərini ört-basdır etmək üçün hələ bir Avropa Şurasına da müraciət edirlər. Bu, onu göstərir ki, Ermənistanı ərköyün təcavüzkara çevirən məhz bu hüquqi nihilizmdir".
A.Mollazadənin fikrincə, buna reaksiya da birmənalı olmalı və artıq Minsk qrupunun həmsdərlik institutu dağılmalıdır: "Çox təəssüf ki, Minsk qrupunda həmsdərlər institutu qəribə formada yaradılıb. Belə ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir, ABŞ və Fransa isə dünyada ən güclü erməni lobbissi olan ölkələrdir. Bu amillər də təbii olaraq həmsdərlərin fəaliyyətinə öz təsirini göstərir. Ona görə də ATƏT ya Minsk qrupunun normal formasına qayıtmalıdır, ya da bu vasitəçilik elə bir formada həyata keçirilə bilər ki, onun təməl prinsipləri beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in təməl sənədlərinə əsaslansın".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun yaydığı bəyanatda həmsədrlərin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazır olduğu vurğulanır: "Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır. ATƏT-in Minsk qrupu AŞ PA üzvlərinin maraqlarını qiymətləndirir, lakin həmsədrlər Minsk qrupunun mandatını sarsıda biləcək və ya davam edən danışıqları çətinləşdirəcək addımlardan çəkinməyə çağırır".
Xatırladaq ki, AŞ PA-nın 25-29 yanvar tarixlərində keçiriləcək sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzələr dinləniləcək.
İlkin İzzət
Milli.Az