Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (68-ci say) təqdim edir.

Adətən "Həftəbecər" əyləncəli, satirik, yumoristik xəbərlərlə başlayır. Amma məlumunuz olduğu kimi xalq artisti İlhamə Quliyevanın ölümü ilə əlaqədar daha həssas notlara köklənməli olacağıq. Əvvəla ondan başlayaq ki, İlhamə Quliyevanın sənəti heç zaman müzakirə predmeti olmayıb. Özünəməxsus ifası, sənətkar ürəyi, ifa etdiyi janra uyğun geniş səs diapazonu və uğurlu mahnı seçimləri...
Bu, şəxsən mənim içdən gələn səmimi düşüncələrimdir. Onun digər keyfiyyətləri barədə isə hər kəs öz arşınına görə düşünə bilər. Məsələn, İlhamə Quliyeva kimə görə zabitəli, kimə görə sərt, başqa biri üçün çox yaxşı, bir başqası üçün pis adam ola bilərdi. Burada da kiminsə şəxsi düşüncəsinə müdaxilə etmək fikrindən uzağam.
Bu günlərdə ən çox diqqətimi çəkən bilirsiniz nə oldu? Zamanında kameralara irişə-irişə onun əlini öpənlər gözə dəymədilər. Əvəzində bəlkə indiyə kimi çoxlarının qohum olduqlarını bilmədiyi Əli Mirəliyev və ailəsi orada idi. Həm də canla-başla. Deməli, bəzən insanları ölüncəyə qədər tanımaq olmur.
Bu arada İlhamə Quliyeva ilə illərin küsülüsü olan Flora Kərimovanın övladları nə qədər böyük insan və böyük ürək sahibi olduqlarını göstərdilər. İlhamə xanımın ailəsinə başsağlığı verməklə. Flora xanımın köməkçisi Yaqut xanım isə onu daha iyirmi gün gizlətməkdə israrlıdır. Hesablamalarıma görə, gizlənqaç oyunu Novruz bayramından sonra başa çatacaq.

Teleməkanda "Tezdən oyan" adlı bir veriliş var. İlk dəfə adını bu xəbəri oxuyarkən eşitdim. Deyir, o verilişin bir xanım aparıcısı da var. Aparıcı o qədər məşhurdur ki, bir çox saytlar bu haqda yazanda xəbərin başlığına pult şəkli qoymuşdular. Peşəkarlar nə demək istədiyimi anlayarlar. Deməli, aparıcı verilişlərin birində tamaşaçıya qarşı hörmətsilzik edib. Oxuduqlarımdan belə qənaətə gəldim. Sitatı təqdim edirəm, özünüz qiymət verin:
"Mikayılova Rəna adlı bir tamaşaçımız var. Çox aqressivdir. Deyəsən, psixoloji durumunda problemləri var. Hər səhər öz neqativini bizim üzərimizə tökmək istəyir. Bu düzgün deyil. Bəyənmirsinizsə, baxmayın!"

Çoxdandır aparıcı Xədicədən xəbər yoxdur. Amma yaman odlu-alovlu qayıdıb. Deyib ki, heç kim özünü öyüb "xəbər aparıcıları arasında Azərbaycanda ilk dəfə mən saçlarımı qısa kəsdirmişəm" deyib özünü öyməsin. Sonra əlavə edib ki, bir vaxtlar televiziya məkanında inqilab edən aparıcılardan olmuşam:
"İlk dəfə sarı və qısa saçı da mən etdim. 10 il bu imicdə gəzdim. İndi hamının bir-birinə bənzədiyini görüb, saçımı uzatmaq qərarına gəlmişəm. Tarixə baxsaq, 1997-ci ildə ANS televiziyasında efirə sarı və qısa saçda çıxan mən oldum. Məndən əvvəl isə qısa saçda Gülgün xanım xəbərləri aparıb. Samirə xanıma belə xoşdursa, desin. Mənim o xanıma qarşı simpatiyam var. Qalmaqaldan uzaq olduğum üçün bu mövzuda çox danışmayacam".

Meyxanaçı Namiq Qaraçuxurlu əməkdar artist Elza Seyidcahanı xoşbəxt eləyib. Nəyə gülürsünüz? Mən demirəm ki, Elza xanım özü deyir. Səhv etmirəmsə, bu, Namiqin xoşbəxt elədiyi üçüncü sənətçi xanımdır. Çünki Könül Kərimova, ardınca Aygün Kazımova da Namiqlə iş birliyi və yoldaşlıq etdikləri üçün xoşbəxt olduqlarını dilə gətirmişdilər:
"Namiqlə "Səs Azərbaycan" layihəsində birlikdə çalışmışıq. Həmin vaxtdan onun necə yaxşı insan olduğunu gördüm. Uzun fasilədən sonra yenidən görüşdük. Namiqin səmimiliyinə heyranam. Xoşbəxtəm ki, belə gözəl dost tapmışam. Namiqlə yeni layihə fikirləşirik. Çox maraqlı bir iş hazırlayacağıq".

Bizim müğənnilərin toysuzluqdan gileyləndiyi bir vaxtda dünya şöhrətli müğənni Meray Keri çox bahalı nişan üzüyünü camaata göstərib ki, di baxın, yanın-tökülün. Üzüyü də bu Merayın adamaoxşamaz avstraliyalı bir sevgilisi var, o alıb 4,5 milyon dollara. Eşitdiyimə görə, bu xəbər Telli Borçalını nətəhər depressiyaya salıbsa, bi oturuma 30 xəngəl yeyir. Bax "nervili" kişi tapmamağın axırı belə olur. Oxuyun, kefiniz açılsın:
"Mən pəhriz tuta bilmirəm. Nə edim, bilmirəm. Ac olanda məni öldürsələr də, əlüstü 10 ədəd xəngəl yeyərəm. Amma belə mərcləşsək, bir oturuma 30 xəngəl yeyə bilərəm. Bu, mənim üçün o qədər də çətin deyil. Amma səhərdən axşama qədər ac qalsam, 30 xəngəl mənim üçün heç nə olar".

Xatirə deyirdi ki, ay camaat, mən ərdəyəm, camaat deyirdi ki, yalan söhbətdi. Xatirə dedi, camaat inanmadı, Xatirə dedi, camaat yenə inanmadı. O gün bir tədbirə əri ilə gəlib. Kameraların qabağında tutub ərinin dodaqlarını nə təhər marçamarçla öpübsə, hamı inanıb. İndi də həmin xəbər saytlarda və sosial şəbəkələrdə reytinqləri cırıq-cırıq eləyir. Çalışın heç olmasa, bu dəfə inanın ki, gələn dəfə başqa şeylər olmasın.

Milli.Az