Tanınmış ifaçı Roza Zərgərli son zamanlar ətrafında baş verən qalmaqallardan, söz-söhbətlərdən, bitmiş dostluqlardan danışıb.

Milli.Az big.az-a istinadən bildirir ki, ifaçı bəzi örtülü məqamların üstünü açıb:

- Başlayaq bundan öncəki tədbirdə baş verən xoşagəlməz hadisədən. Yaman əsəbləşmişdiniz. "Məhəmməd üçün" keçirilən xeyriyyə aksiyasında təşkilatçılarla problem yaşadınız. Nə baş vermişdi?

- Yadıma gəlir, ötən il də belə bir xeyriyyə aksiyası oldu və mən getdim. Həmin manevrdən yenə istifadə etdim: qutunu əlimə aldım və səhnəni qoyub insanların arasına düşdüm. 7 minə qədər pul yığılmışdı. Bu xeyriyyə tədbirində də pul yığmaq üçün səhnədən tamaşaçıların arasına düşdüm. Zal böyük idi. 3 dəqiqəlik mahnı qurtardı. Xeyriyyə təşkilatçılarına sərf edərdi ki, ikinci mahnı da başlasın və mən daha çox məbləğ yığım. Əslində, mənim üçün heç bir önəmi yox idi ki, 1 və ya 2 mahnı oxuyum. Məqsəd balaca Məhəmməd üçün daha çox məbləğ yığılmasına yardımçı olmaq idi. Əgər mənə desəydilər ki, mahnı oxumayacaqsan ona da razı olardım. Heç kim deyə bilməz ki, Roza Zərgərli bu günə kimi hansısa xeyriyyə tədbirindən imtina edib, getməyib. Xeyriyyə sözü olan hər bir tədbirdə iştirak etmişəm. Kimlərsə 2 mahnı oxuyur və heç 1 qəpik də pul yığılmır, bu da anormaldır. İstəyir 2 mahnı oxusunlar, istəyir 5 mahnı. Önəmli olan odur ki, uşağın əməliyyatı üçün həmin məbləğ yığılsın.

- Dediklərinizdən belə anladım ki, şou-biznesdə çoxlarının gözünə ox olub batırsınız...

- Bu normaldır. Kim-kimdən qorxsa, ondan həmişə çəkinir. Amma qalmaqallı müğənni deyiləm. Bunu hər kəs bilir. Sadəcə, son dönəmdə bəzi qalmaqallı şəxslər mənim adımı hallandırdı. 1 dəfə susdum, 2 dəfə susdum və sonra cavabını verdim. Və həmin insanla sonradan əlaqəni kəsdim. Yenə kimsə bostanıma daş atsa, cavabını alacaq. Mən susan, qorxanlardan deyiləm. Bu günə kimi kim mənə söz deyibsə, cavabını alıb. Kim hörmət edibsə, ona 10 qat artıq hörmət etmişəm. Əl əli yuyar, əl də üzü. Hörmət hörmətə bağlıdır. Kimsə mənə hörmət etmirsə, mən də hörmət etmirəm. Bu vaxta kimi qorxub çəkindiyim kimsə olmayıb. Kim haqqımda nə deyibsə, cavabını alıb.

- Mərhum xalq artisti İlhamə Quliyeva ilə münasibətləriniz necə idi?

- İlhamə Quliyeva Allahın rəhmətinə qovuşub. İlhamə xanım böyük sənətkarların övladı olub, özü də sənətkar olub. İlhamə xanımla yaxın ünsiyyətdə olmuşam, tanımışam onu. Şou-biznes nümayəndələri niyə indi İlhamə xanımın arxasınca danışır? Çünki İlhamə xanım artıq yoxdur. Hətta İ.Quliyevanın üç mərasimini də gözlədilər ki, birdən dirilər. İndi hamısı əzrayıl, əjdaha olublar. Ümumiyyətlə, ölünün arxasınca danışmazlar. İlhamə xanım mənə də irad bildirib. Ağıllı insan ailəsində böyüyünə hörmət qoyan insan yaşlı insanlara cavab verməz, onlarla dalaşmaz. Gördünüz necə çevrildi hər şey... İlhamə xanım 3-4 gün sonra rəhmətə getdi, kim pis oldu? Məhz İlhamə xanımı təhqir edən insanlar. Biz müsəlmanıq, elə bir dövrdə yaşayırıq ki, bilmirik başımıza nə gələcək. Ona görə də sənəti böyük olan insanların haqqında danışmaq olmaz, onlara cavab qaytarmaq olmaz. İlhamə xanım da kiminsə anasıdır, bacısıdır. İ.Quliyevanın vida mərasimində iştirak etdim. Gördüm ki, yas mərasimini "sirkə" çevirdilər. Böyük sənətkarlardan Canəli Əkbərov, Arif Babayev, Firuzə İbadova və b. ayaqüstdə qalmışdı, uşaq-muşaqlar isə birinci sırada oturmuşdular. Demək istəyirəm ki, ayıbdır olmaz. Etikanız olsun, tərbiyəniz olsun. Əgər tərbiyəniz yoxdursa da, cəmiyyət içərisində bunu biruzə verməyin.

Milli.Az axşam.az-a istinadən sənətçinin yeni şəkillərini təqdim edir.

Milli.Az

"Yas mərasimini "sirkə" çevirdilər" - FOTO
"Yas mərasimini "sirkə" çevirdilər" - FOTO
"Yas mərasimini "sirkə" çevirdilər" - FOTO
"Yas mərasimini "sirkə" çevirdilər" - FOTO
"Yas mərasimini "sirkə" çevirdilər" - FOTO