A+
A–

Bakı, 9 mart, AZƏRTAC
Artıq üçüncü həftədir ki, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Novruz bayramına həsr edilmiş konsertlər təşkil olunur.
Beynəlxalq Muğam Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 8-də axşam burada “Yel çərşənbəsi”nə və 8 mart Beynəlxalq qadınlar Gününə həsr edilmiş muğam gecəsi keçirilib.
Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi muğam gecəsinin əsas qəhrəmanları televiziya muğam müsabiqəsinin laureatları, gənc xanəndələr Malik Həsənov və Kamilə Nəbiyeva olub.
Hər iki xanəndə gənc olsa da bu sənətdə çox uğurlar qazanıb. Onlar ölkəmizdə təşkil olunan konsertlərdə iştirak etməklə bərabər, xaricdə keçirilən beynəlxalq festivallarda və konsertlərdə Azərbaycanı layiqincə təmsil edirlər.
Muğam gecəsi həmişəki kimi, bu dəfə də anşlaqla keçib.
Xanəndələri Ayaz İmranov (tar), Şəhriyar Musayev (kamança), Humay Abbasova (qanun), İdris Tağıyev (balaban), İdris Hüseynov (ud) və Soltan Əliyevdən (nağara) ibarət musiqiçilər heyəti müşayiət edirdi. Malik Həsənov Əfrasiyab Bədəlbəylinin “Azad bir qusdum” əsərini, “Mirzəhüseyn segahı” muğamını, Fazilə Qaraxanqızının “Röyamdasan” kompozisiyasını və “Sarı bülbül” xalq mahnısını ifa edib.
Kamilənin ifasında səslənən “Bayatı-Şiraz təsnifi” və “Şur təsnifi” isə bütün dinləyicilərin ruhunu oxşayıb.
Sonda solistlər duet şəklində “Çahargah təsnifi” oxuyublar.
Gənc ifaçıları dəstəkləməyə gəlmiş qonaqlar arasında xalq artisti Canəli Əkbərov, əməkdar artistlər Firuz Səxavət, Səbuhi İbayev, şair Baba Vəziroğlu və başqaları vardı.
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində “Torpaq çərşənbəsi”nə həsr edilmiş konsert olacaq. Bu dəfə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış edəcək.
AZERTAG.AZ :Beynəlxalq Muğam Mərkəzi xalqımızı “Yel çərşənbəsi” və Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Beynəlxalq Muğam Mərkəzi xalqımızı “Yel çərşənbəsi” və Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib