Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (70-ci say) təqdim edir.

Uşaqlar, sizə bir xəbər verəcəm, inanmayacaqsınız. Ötən həftə Qulpqoyan dayının nasazladığını yazmışdım axı. Kişi bu həftə durub Dağıstana alverə gedib. Deyir, oralarda ucuzluqdu, yağdan, xamadan, çaydan, kolbasadan gətirib buralarda satacam. Soruşuram ki, təqaüd alırsınız, bəs etmir? Deyir, bəs edir, amma bizneslə məşğul olmaq istəyirəm, bir azdan da keçəcəm şouya. Olacaq şou-biznes. Dedim, şor gətirsəniz, daha məsləhətdir. Olar şor-biznes... Bilirəm, duzsuz zarafat alındı, amma çalışın güləsiniz. Çünki yazının elə ən gülməli yeri burasıydı.

Xalq artisti Flora Kərimovaya görə çox evlər dağılıb. Arasında rus demişkən "novostroyka" da olub, həyət evi də, gecəqondu da, "kupça"lı ev də, "kupça"sız da. Bu barədə sənətkar özü oturub, oturub 75 yaşında açıqlama verib. Deyib ki, yaxşı qadının yanından əri qaçmaz. Qadının hər şeyə qarşı düzgün siyasəti olmalıdır. Sitat: "Mənə vağzalı qismət olmayıb. Amma mənə görə çox evlər dağılıb. Bu gün də mən acığa deyirəm ki, mən buna dəyərəm".

Sənətinə söz deməyə ixtiyarım çatmaz. Amma "mən ev dağıtmağa dəyərəm" düşüncəsi ya qocalığın əlamətidir, ya da bizim bilmədiyimiz nələrsə var. Necə ola bilər ki, bir insan ona görə kiminsə evinin dağılmasına "mən buna dəyərəm" desin? Demək, sənətkarlıq hələ hər şey demək deyil.

Aygün Kazımova Azərbaycanın olmayan şou-biznesinin episentridir. Soruşa bilərsiniz ki, olmayan bir şeyin episentri hardan? Elə məsələ də burasındadır ki, olmayan bir şeyi yaradırsan, özün də olursan mərkəzində, verdiyin hər açıqlama bomba kimi gündəmə düşür. Bütün bunlar 3-4 il əvvələ kimi idi. Yəni Aygünün "Namiq erası" bitməmişdən əvvəl. İndi isə Kazımova daha çox gündəmdə qalmağa çalışırmış təəssüratı bağışlayır. Məsələn, bir neçə gün öncə efirdə Namiq Qaraçuxurlunun oxşarına deyib ki, keçək o biri otağa, deyim, Namiqə tam oxşayırsan, ya yox. MTRŞ da sağ olsun, təmkinini pozmayıb. Qurumun rəsmisi deyib ki, konkretlik yoxdur. Yəni burada konkret olaraq söyüş, ədəbsiz söz, jest olmadığı üçün mübahisə ola bilər. Düz deyirlər də. Aygün oğlana deməyib ki, keçək otağa sevişək, öpüşək, dərdləşək, güləşək, şak-şak, şuk-şuk, tuk-tuk, ciççoo... Bax bunları desəydi, yüz faiz qanun pozuntusu olacaqdı.

Aygündən söz düşmüşkən "Masya" ləqəbli Murad adlı bir cinsi azlıq xalq artisti haqqında məlumatlar yayırmış. Guya Aygünün ermənilərlə əlaqəsi var... İndi Aygün xəbəri yayanları məhkəməyə verib. "Masya"nı da tutub məhkəməyə gətirsəydilər, bomba olardı. Mənə maraqlıdır, hakim proses zamanı ona "Masya xanım" deyəcək, yoxsa "Masya bəy"? Kaş tapıb gətirəydilər...

Samir Piriyevlə Kamran Həsənli də gözlədilər, gözlədilər camaatın barışıq elədiyi ərəfədə polisə, istintaqa qədər getdilər çıxdılar. Deyilənə görə, ortada 80 min manatın söhbəti var. Hətta Kamran Həsənliyə ölkədən çıxmaqla bağlı qadağa da qoyulubmuş.

Müğənni Afaq Aslan deyib ki, onunla münasibət qurmaq istəyən çox sayda kişi var. Olar, inanıram! Hətta bir dəfə hansısa iş adamı ona bir gecə üçün 100 min manat təklif edib. Buna da inanıram. Afaq da deyib ki, namusumu çöldən ha tapmamışam, sevməsəm, münasibət zad qura bilmərəm. Ay rəhmətliyin nəvəsi, elə bəlkə deyəcəkdi ki, vaxtın varsa, gecə gəl, bizim həyətdə bir maşın "kubik" var, onu həyətdən anbara daşıyaq. O ki qaldı bir gecəyə yüz min məsələsinə, ümumiyyətlə, taksi sürücüləri də gecə 12-dən sonra ikiqat qiymət oxuyurlar. Yəni həmin iş adamı desəydi ki, bir gündüz münasibət quraq, sevgili olaq filan, o zaman 50 min təklif edəcəkdi. Hətta çörək sexində də gecə növbəsinin işçiləri ikiqat məvacib alırlar. Həm yuxusuzluq, həm yorğunluq, əziyyət, qan-tər... Amma zarafat bir yana, halaldı Afaqa ki, təklifi qəbul etməyib. Gül kimi sənəti var, niyə adını ləkələməlidir ki? O boyda akademikin nəvəsidir, nəsli, ad-sanı, özünə görə də imkanı. Düz demirəm?

Nadir Qafarzadədən bir xəbər var, yazım? Oldu, yazmıram, keçək o biri xəbərə.
Xoşqədəmlə Doğuş uşaqları bölüşdürüblər. Deməli, hər şey salamatçılıqla sona yetsə, uşaqlardan birinin adı Arda olacaq, o birinin adını isə Xoşqədəm özü qoyacaq. Özü də deyib ki, hərəsi birimizindir. Yeri gəlmişkən, Bülent Ersoy canıyanmış da bu soxhasoxda Xoşqədəmdən küsüb ki, məni niyə toya çağırmamısınız? Xoşqədəm də deyib ki, uşaqların toyunda çağırarıq. Ə bəs bu "donuz qripi"nə yoluxmamışdı? Mən elə bilirdim Bülent Ersoy ölüb e, toba...

Sonda bir elanı nəzərinizə çatdırıram. Yox, qalsın gələn dəfəyə. Amma mütləq çatdıracam.

Milli.Az