Prezident İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlərdən sonra Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığı daha da güclənəcək.

Bu barədə Milli.Az-a Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə martın 31-də Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və bu çərçivədə keçirilən ikitərəfli görüşlər barədə fikirlərini bildirərkən deyib.

Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığı daha da güclənəcək

Millət vəkilinin fikrincə, dövlət başçısının Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvəti və orada iştirakı, ilk növbədə, ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür: "Mən bu səfəri çox yüksək qiymətləndirirəm. Səfər zamanı, ələlxüsus da ABŞ-ın Dövlət katibi Con Kerri ilə görüşdə ifadə olunan fikirlərdə Azərbaycanın bölgənin çox əhəmiyyətli bölgəsi və ABŞ-ın bir sıra çoxşaxəli əməkdaşlıq etdiyi və tərəfdaş ölkə olması əksini tapıb. Bununla yanaşı, Azərbaycan prezidentinin Sammit zamanı keçirdiyi görüşlər də ölkəmizin strateji bölgədə həyata keçirdiyi layihələrin, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və ölkəmizin üzləşdiyi problemləri dünyaya tanıtmaq üçün gözəl fürsət oldu. Bu görüşlər Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığını daha da gücləndirəcək, dövlət başçısının ABŞ-nın dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr isə iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcək".

Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığı daha da güclənəcək

A.Mollazadənin sözlərinə görə, bizim üçün ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın yürütdüyü strateji siyasət və həyata keçirdiyi strateji layihələr dünyanın ciddi dəstəyini qazanır: "Azərbaycan həm enerji, həm təhlükəsizlik sahəsində həyata keçirilən layihələr baxımından bölgədə və dünyada mühüm rol oynayır. Bununla yanaşı, bizim böyük dəyərimiz olan multukulturalizmin mövcudluğu, ölkə daxilində olan bütün dinlərə və millətlərə olan münasibət, o cümlədən İsraillə münasibətləri onun əhəmiyyətini daha da artırır. Bundan əlavə, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələrinin, xüsusilə strateji İpək Yolu sisteminin bərpasının əhəmiyyətini də qeyd etməliyik. Vaxtilə ABŞ Senatında bununla bağlı müvafiq sənəd qəbul olunub. Bu gün həmin sistemin yenidən yaradılması ABŞ tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir".

İlkin İzzət
Milli.Az