Əminəm ki, bu tədbirdə Azərbaycan ona qarşı olan haqsızlıqlar, eləcə də bu bölgədə yaranmış təhlükələr barəsində dünyadakı məsləkdaşlarla, fərqli ölkələrin nümayəndələri ilə məlumat və təcrübələrini bölüşərkən çox şeyə nail olacaq.
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinin əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu Qlobal Forumun indiki məqamda həyata keçirilməsi çox mühüm amildir: "Bilirsiz ki, hazırda dünyanın müxtəlif yerlərində münaqişələr, nifrət, ksenofobiya, islamofobiya, antisemitizm artıb, fərqli dini və etnik qrupların arasında ciddi toqquşmalar baş verir. Ona görə BMT-nin belə bir qlobal forumu məhz Azərbaycanda keçirməsinin həm bizim, həm də bütün dünya üçün böyük əhəmiyyəti var. Çünki fərqli sivilizasiyalara, mədəniyyətlərə, dinlərə, etnik mənsubiyyətə sahib ölkələrin, xaqların bir sıra problemli məsələlərin açıq müzakirəsinə böyük ehtiyac var".

Bununla yanaşı, millət vəkilinin fikrincə, bu Azərbaycan üçün də gözəl fürsətdir: "Hazırda sivilizasiyalar, mədəniyyətlər arasında dialoqdan danışılır. Amma Azərbaycanın bu istiqamətdə əməkdaşlıqla bağlı böyük təcrübəsi var. Azərbaycan tarixinə nəzər saldıqda görürük ki, fərqli dinlərin, mədəniyyətlərin tarixən əməkdaşlıq məkanı olub. Qarşılıqlı hörmətin üzərində qurulmuş bu sistem imkan verib ki, əslində bu sahədə gözəl təcrübə əldə edək. İndi bu təcrübəni bütün dünya ilə bölüşmək Azərbaycan üçün önəmli məsələdir.
Bundan əlavə, Azərbaycan üçün fürsət yaranır ki, biz ölkəmiz və xalqımız, mədəniyyət və ənənələrimiz barəsində dünyaya dolğun informasiya verək. Bilirsiz ki, bu forum BMT çərçivəsində təşkil olunduğuna görə, orada geniş əhatəli iştirakçılar olacaq. Azərbaycan təcrübəsini və dünyaya baxışını bölüşərək, eyni zamanda gələcəkdə ölkəmizin strategiyasını həyata keçirmək üçün böyük fürsət əldə edirik. Söhbət ondan gedir ki, bu toqquşmaların, nifrətin, bəlkə də, əsas səbəbi insanların bir-birinə mənfi yanaşmasından, başqa mədəniyyəti qəbul etməməkdən irəli gəlir. Bizim gələcək strategiyamız isə işıqlı yolla bağlıdır. Məhz mədəniyyətin, biliklərin inkişafı zülməti məhv edə bilər. Çünki hər zaman belə nifrətin artması hansısa qaranlıq bisavadlıq məkanında olur. Azərbaycan isə tarixən fərqli yol seçdiyinə görə, bu istiqamətdə öz təcrübəsini bölüşərək işıqlı sistemin genişlənməsinə nail ola bilər. Ona görə də bu Forumun əhəmiyyətini yüksək qiymətləndirirəm".
Qeyd edək ki, Bakıda 2016-cı il aprelin 25-27-də "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir.
Bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır.
Xatırladaq ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
İlkin İzzət
Milli.Az