Vaşinqton, 23 fevral, Yusif Babanlı, AzərTAc
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsi dərc edilib
(http://eurasiahoy.com/21022015-embajador-ahmadzada-los-sucesos-de-jodyali-deben-recibir-la-merecida-condena-politica-y-legal-por-parte-de-la-comunidad-internacional/).
Müsahibədə Xocalı qırğınından və bu faciənin beynəlxalq birlik tərəfindən pislənməli olmasından bəhs edilir.
Azərbaycanlı diplomat müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları barədə söhbət açıb. Səfir qeyd edib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal edib, erməni təcavüzü nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
M.Əhmədzadə daha sonra Xocalı şəhəri haqda söhbət açaraq bildirib ki, 1991-ci ilin axırlarına qədər bu şəhərdə 7 min nəfər yaşayırdı. Diplomat deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum nəticəsində şəhərin 613 nəfər əliyalın dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq həlak olub. Səfir qeyd edib ki, Xocalı sakinlərindən 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 1275 nəfər girov götürülüb, Xocalının 150 sakini bu günə qədər itkin düşmüş hesab edilir.
M.Əhmədzadə bu faciəni törədənlər barədə onu qeyd edib ki, Xocalı qırğınının təqsirkarlarından biri Ermənistanın indiki prezidenti, erməni silahlı qüvvələri bu şəhəri işğal edərkən həmin qüvvələrin qondarma “müdafiə komitəsi”nin rəhbəri olmuş Serj Sarkisyandır. O, britaniyalı jurnalist Tomas de Vaala verdiyi və həmin jurnalistin “Qara bağ” kitabına daxil edilmiş müsahibəsində açıq etiraf edib ki, Xocalının dinc sakinlərini onun rəhbərlik etdiyi erməni silahlı qüvvələri qırıblar.
Markar Melkonyan isə öz qardaşı, Xocalı qırğınında iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu” adlı kitabında erməni silahlı qüvvələrinin Xocalı şəhərində və onun ətrafında törətdikləri mənfur əməlləri ətrafı təsvir edir.
M.Əhmədzadə vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün 22 aprel 2010-cu il tarixli qərarında erməni silahlı qüvvələrinin Azərbaycanın yüzlərlə dinc sakininin həlak olması ilə nəticələnmiş hərəkətlərini pisləyib. Səfir vurğulayıb ki, məhkəmə Xocalıda azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini qatı hərbi cinayət hesab edib.
Azərbaycanlı diplomat qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı qırğını haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə 2008-ci ildə “Xocalıya ədalət” devizi ilə kampaniya başlanıb (www.justiciaparajodyali.org.ar).
Bundan əlavə, bir neçə dövlət, o cümlədən Meksika, Pakistan, Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras və Sudan, habelə ABŞ-ın 15 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınına dair qətnamələr qəbul edib. Həmin sənədlərdə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş mənfur əməllər pislənilir.
M.Əhmədzadə qeyd edib ki, 1993-cü ildən bəri bu münaqişənin tənzimlənməsi üçün normativ-hüquqi baza rolu oynayan bir neçə beynəlxalq sənəd qəbul edilib. Bu sənədlər - BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələr, BMT Baş Məclisinin 2003-cü ildə qəbul etdiyi 62/243 nömrəli qətnamə, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş qətnamələr Azərbaycana qarşı zor tətbiq edilməsini, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyir, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha dəstəkləyir, erməni işğalçı qüvvələrinin Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün şərait yaradılmasını tələb edir.
Səfir təəssüflə qeyd edib ki, Ermənistan bu qətnamələrin heç birinə əməl etməyib. Diplomat deyib ki, beynəlxalq birlik tərəfindən təzyiq göstərilməsi yolu ilə Ermənistanı suveren Azərbaycana qarşı təcavüz siyasətinə son qoymağa məcbur etmək olar.
M.Əhmədzadə sonda qeyd edib ki, əgər Ermənistan hökuməti bu münaqişənin həllində və sülhün bərqərar olmasında, habelə regionun tərəqqisində maraqlıdırsa, bu münaqişənin tənzimlənməsi məsələsində konstruktiv mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa hörmətlə yanaşmalı və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamələrin şərtlərini yerinə yetirməlidir.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
