2014-cü il: 10 əsas hadisə müstəvisində

2014-cü il: 10 əsas hadisə müstəvisində
10:37 3 Yanvar 2015
189 Digər
Ölkə mətbuatı
A- A+

Bəşəriyyət bir ili də arxada qoyur. Tarix boyu çox müxtəlif hadisələrin şahidi olan insanlar son 365 günü necə yaşadılar? Biz müəyyən meyarlar əsasında seçdiyimiz 10 hadisə kontekstində bütövlükdə dünyada gedən proseslərin ümumi istiqamətini müəyyənləşdirməyə çalışdıq. Burada, təbii ki, qəti fikir söyləmək risklidir. Ancaq nümunə kimi gətirdiyimiz proseslər bir sıra məqamları seçməyə və onların dünya miqyasında təsirini təhlil etməyə imkan verir. Aydın olur ki, başa çatmaqda olan il gərginlik, ziddiyyət, münaqişəli vəziyyətlər, hərbi toqquşmalar, terror kimi hallarla müşayiət olunub. Bu faktorlar ümumən bəşəriyyəti narahat edən mənzərənin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda, 2014-cü ildə elm və idman sahəsində də yaddaqalan hadisələr baş verib. Onları ayrıca vurğulamaqda məqsədimiz insanların əsas olaraq sülh, barış, elm, mədəniyyət və digər humanitar aspektlərə daha çox maraq göstərməli olduğunu önə çəkməkdir.

Geosiyasət və liderlik rəqabəti: cari ilin ağır mirası

2014-cü il dünya miqyasında yaddaqalan, ziddiyyətli xarakter daşıyan, qlobal səviyyədə ciddi dəyişikliklərə səbəb ola bilən hadisələrlə zəngin oldu. Hətta demək olar ki, bu il xeyli dərəcədə gərgin keçdi. Əhəmiyyət daşıyan proseslərdən daha vacib hesab edilən 10 hadisənin üzərində bir qədər geniş dayanmaqla artıq başa çatmaqda olan ilin yaddaşlarda hansı izləri buraxa biləcəyi haqqında fikir söyləmək olar.

İlk növbədə Krımın Rusiya tərkibinə daxil edilməsini vurğulamaq istərdik. XXI əsr üçün bu, xeyli dərəcədə gözlənilməz hadisə oldu. Lakin ondan əvvəl Ukraynada siyasi böhran yaranmışdı. Maydan hadisələri, hakimiyyət dəyişikliyi, nümayişçilərin müstəqillik meydanını zəbt etməsi, Qərb və Rusiyanın bunlara fərqli münasibəti yeni bir vəziyyətin yaranmasına səbəb oldu.

Eyni zamanda, bütün bunlarda Rusiya Qərbi günahkar gördü. Beləliklə də postsovet məkanında qlobal geosiyasətə ciddi təsir göstərən proseslər start götürdü. Krımın Rusiyaya birləşdirilməsi bu hadisələrdən sonra baş verdi.

Rəsmi Moskva öz sərhədləri yaxınlığında baş verənlərə laqeyd qala bilməyəcəyini bəyan etdi. Üstəlik, Ukraynanın şərqində hərbi əməliyyatlar da başladı. Tərəflər arasında şiddətli döyüşlər baş verdi. ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynaya yardımlar etdi, lakin Rusiya geri çəkilmədi. Nəticədə, qlobal miqyasda ölkələrarası münasibətlər gərginləşdi və indi mütəxəssislər "soyuq müharibə"nin yenidən gündəmə gələ bilməsi haqqında proqnozlar verirlər.

Deməli, Krımın Rusiyanın nəzarətinə keçməsi lokal təsirli faktor deyil, dünya səviyyəsində cərəyan edən geosiyasi proseslərlə sıx bağlıdır. Ukraynanın şərq əyalətlərində hərbi toqquşmaların meydana gəlməsi isə bütövlükdə dünya siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Bu məqam vurğulanan prosesləri 2014-cü ilin əhəmiyyətli hadisələri kimi qəbul etməyə əsas verir.

Digər vacib hadisə kimi "İraq-Şam İslam Dövləti" terrorçu qruplaşmasının İraq və Suriyada fəaliyyətini genişləndirməsi və terrorun yeni dalğasının yaranmasını qeyd edə bilərik. Bu təşkilat, ümumiyyətlə, dünyanı silkələdi. Onun hərbi əməliyyatları həyata keçirmək üsulu, xüsusi amansızlığı bəşəriyyəti dəhşətə gətirdi. Maraqlıdır ki, İŞİD-in həyata keçirdiyi terror hadisələrinin qarşısını beynəlxalq anti-terror koalisiyası da ala bilmir. Bu prosesin hələ uzun illər davam edəcəyi proqnozlaşdırılır. Belə çıxır ki, həmin aktual məsələ dünya siyasətinin gündəmində qalmaqda davam edəcəkdir.

Artıq İŞİD faktoru yalnız Yaxın Şərqlə məhdudlaşan amil hesab olunmur. Qlobal miqyasda terrorun yenidən vüsət alması təhlükəsindən bəhs olunur. Avstraliyada baş verən məlun hadisə bunu bir daha təsdiq etdi. Dünyanın müxtəlif regionlarında İŞİD kütləvi qırğınlar törədə bilər. Bu onu göstərir ki, 2014-cü il dünya tarixinə terrorun qlobal geosiyasətə təsiretmə imkanlarının genişlənməsi dövrü kimi daxil ola bilər.

2014-cü ildə bir sıra beynəlxalq tədbirlər də keçirildi. Burada bütövlükdə dünya üçün əhəmiyyətli məsələlər müzakirə edildi. Normandiyada (Fransa) İkinci Dünya müharibəsində "ikinci cəbhə"nin açılması münasibətilə yüksək səviyyəli görüş təşkil edildi. Tədbirdə iştirak edən Qərb dövlətləri başçıları Rusiya prezidenti ilə Ukrayna məsələsini müzakirə etdilər. Bu, rəmzi xarakter daşımayıb həmin problemin ciddiliyini göstərirdi. Normandiyada Ukrayna probleminin yer alması onu göstərdi ki, dünya yeni bir qlobal hərbi təhlükə qarşısındadır. Düşündürücüdür ki, 2014-cü ildə keçirilmiş bütün ciddi beynəlxalq tədbirlərdə Rusiya ilə Qərb arasında əsas müzakirə mövzularından biri məhz Kiyevlə bağlı olub. Bu, dünya siyasətində yeni vəziyyətin formalaşmaqda olduğunu göstərmirmi?

Enerji təhükəsizliyi, elm və futbol: hansı daha əhəmiyyətlidir?

Həmin kontekstdə BRİKS ölkələrinin Fortaleza (Braziliya) sammitinin əhəmiyyəti az deyildi. İyul ayında keçirilən bu tədbirdə təşkilatın inkişaf bankının yaradılması haqqında razılığın əldə edilməsi maraq doğururdu. Bundan başqa, siyasi koordinasiya məsələləri, qlobal idarəetmə problemləri də müzakirə olundu. Yekun olaraq təşkilatın Fortaleza bəyannaməsi və fəaliyyət planı barədə sənədlər qəbul edildi. Əksər ekspertlər Braziliya sammitini Qərbin nəzarətində olan beynəlxalq qurumlara qarşı BRİKS-in alternativ qurumlar yaratmaq cəhdi kimi qiymətləndirdilər. Burada Rusiyanın daha çox fəal olduğu ayrıca qeyd olunur. Lakin sonrakı proseslər sübut etdi ki, söhbət çox çətin bir vəzifədən gedir. Həm də təşkilata daxil olan bəzi ölkələr Moskvanın təşəbbüslərinə daha çox sözdə dəstək verdilər. Bunlara baxmayaraq, BRİKS-in Fortaleza sammiti qlobal miqyasda təsiri olan hadisə kimi qəbul edilə bilər.

Qərbin nəzarətində olmayan təşkilat kimi APEC-in (Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı) Pekin zirvə toplantısı dünya miqyasında ayrıca yeri olan faktor kimi qiymətləndirilməlidir. Burada regional iqtisadi inteqrasiya, islahatlar, innovativ inkişaf və üzv dövlətlərin qarşılıqlı əlaqələrinin dərinləşməsi məsələləri müzakirə predmeti oldu. Həmin məsələlər iştirakçıların qəbul etdikləri 24 səhifəlik bəyannamədə öz əksini tapdı. Rusiya ilə Çin arasında təbii qazın nəqli ilə bağlı əldə edilən razılıq tədbirin ciddi nəticələrindən biri hesab edilir. Bütövlükdə Pekin görüşü ABŞ-ın hərbi, siyasi-iqtisadi hegemonluğuna qarşı atılan addım, həmçinin XXI əsrin Asiya yüzili olmasının təsdiqi kimi dəyərləndirilir.

Yuxarıda vurğulananlarla yanaşı, Avstraliyanın Brisben şəhərində "böyük iyirmiliyə" (G20) üzv olan ölkələrin liderlərinin sammitinin də dünya siyasətində öz yeri var. Bu, həmin təşkilatın 9-cu yüksək tədbiri idi. Sammit güclü geosiyasi və iqtisadi qeyri-sabitlik fonunda keçirilirdi. Burada əsas məqam Qərbin Rusiyanı Ukrayna məsələsinə görə ittiham etməsi ilə yadda qaldı. Vaşinqton və Brüssel Moskvanı ciddi ittiham etdilər. Bu məqam həmin tədbirin digər məsələlərini kölgədə qoydu. Xüsusilə Kanadanın baş nazirinin V.Putini Ukraynadan çıxmalı olduqları barədə xəbərdar etməsi geniş əks-səda verdi. Almaniyanın kansleri A.Merkel də Rusiya dövlət başçısı ilə uzun sürən görüşündə bir sıra iradlarını bildirdi. Tədbirin Rusiya prezidenti tərəfindən yarımçıq tərk edilməsi ona xüsusi məna verirdi.

Rusiya prezidentinin dekabrın 1-də Türkiyədə "Cənub axını" layihəsinin dayandırılması haqqında verdiyi bəyanat qlobal siyasəti əməlli-başlı silkələdi. Çünki Moskva bunun səbəbi kimi birbaşa Qərbi günahlandırdı. Belə görünür ki, Kreml ona qarşı duran qüvvələrə öz gücünü göstərməyə çalışır. V.Putin Ankarada açıq bildirdi ki, indi Avropa qazı Türkiyədən ala bilər. O, "Cənub axını"nı əvəz edəcək layihənin "Türk layihəsi" adlandırılmasını da təklif edib. Gözləmək olar ki, dünyanın enerji təhlükəsizliyinin təminində qeyd edilən qərarın ciddi təsiri olacaq.

2014-cü il yalnız siyasi, geosiyasi, hərbi, energetik və iqtisadi xarakterli proseslərlə yadda qalmadı. Elm sahəsində də maraq doğuran hadisələr baş verdi. Bu kontekstdə tarixdə ilk dəfə olaraq insan istehsalı olan kosmik aparat "Rozetta" Çuryumov-Gerasimenko kometinə endi. Bu hadisəni 10 il idi ki, alimlər gözləyirdilər. Noyabrın 12-də "Rozetta" tədqiqat stansiyasının "Fila" endirmə aparatı kosmik obyektin səthinə düşüb və oradan ilk fotoları yerə göndərib. Doğrudan da bu, dünya elmi üçün böyük hadisədir.

Başa çatmaqda olan ildə Braziliyada dünya futbol çempionatının keçirilməsi mühüm hadisələrdən hesab oluna bilər. Yüz milyonlarla insan bu yarışı maraqla izlədi. Mədəni idman tədbiri kimi dünya çempionatı böyük marağa səbəb oldu. Siyasi çəkişmələrdən, geosiyasi qarşıdurmalardan, hərbi toqquşmalardan gərginlik içində olan bəşəriyyət, az da olsa, fikrini idman yarışına yönəltdi. Bu səbəbdən cari ilin mühüm olayları içərisində futbol üzrə dünya çempionatının da özünəməxsus yeri olduğunu demək olar.

2014-cü ildə dünya üçün vacib hesab etdiyimiz 10 hadisənin yuxarıdakı təqdimatı göstərir ki, qlobal miqyasda həm maraqlı, həm ziddiyyətli, həm də təhlükəli proseslər baş verib. Şübhəsiz ki, bu sıraya başqa prosesləri də daxil etmək olardı. Lakin qeyd olunan faktorlar da ümumi mənzərəni görməyə imkan verir. Ümid etmək olar ki, dünyanın böyük dövlətləri bunlardan nəticə çıxarıb 2015-ci ildə daha ədalətli addımlar atacaqlar.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR