Xalq artisti Aygün Kazımovanın Nabranda planlaşdırılan konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, “El Faro” istirahət mərkəzində gerçəkləşən gecənin aparıcısı Lamiyə Ələkbərova olub.
Anşlaqla keçən gecədə A.Kazımova mahnıları ilə yanaşı şousuyla da tamaşaçıları əyləndirib. Müğənnini səhnədə peşəkar rəqqaslar müşayiət edib.
Daha sonra səhnəyə aktyorlar İslam Mehrəliyev və Təranə Əliyeva çıxaraq maraqlı səhnəcik nümayiş etdiriblər. Onların Rusiya şou-biznesinin tanınmış simaları Alla Puqaçova və Maksim Qalkinin obrazını canlandırması maraqla qarşılanıb.
A.Kazımovanı səhnədə müğənni dostu Rəhim Rəhimli də tək qoymayıb. İfaçı mahnı səsləndirib, rəqqasə Rəna Ağamuradova isə rəqs nümayiş etdirib.
Xalq artisti konsert zamanı bir neçə dəfə libasını dəyişib. Onun stili üzərində Qusik Simon çalışıb, geyimlərini isə modelyer Gulya hazırlayıb.
A.Kazımovanı izləməyə gələn qonaqlar arasında aparıcı Afaq Gəncəli və bəstəkar Gövhər Həsənzadə də yer alıb.
Gecədə müğənni üçün sürpriz olunub. Belə ki, A.Kazımovanın həyat və yaradıcılığından bəhs edən film hazırlanıb və konsert zamanı nümayiş olunub.
Gecədə “El faro” istirahət mərkəzinin sahibi Hacı Quliyev çıxış edərək, qonaqları salamlayıb, konsertdən danışıb.
Konsertdən sonra DJ Roşka səhərədək diskoteka təşkil edib.
Foto: Kamran Aydınov









