Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (85-ci say) təqdim edir.

Bilmirəm, Türkiyənin suyundandır, yoxsa havası bizimkilərə yaxşı düşmür. Kim sərhədi bircə dəfə o tərəfə keçirsə, 180 dərəcə dəyişir. Buradan saqqalla yola saldığın, türklər demişkən, top saqqalla qayıdır, çadrada gedən geyçimlə buraya (təzə sözün siftəsini axır ki, yazımda eləyə bildim. Geyçim - kupalnik) dönür. Amma elələri də var ki, bunun ikisinin sintezini etməyə də hazırdır. Məsələn, Türkiyədə yaşayan model Günay Musayeva kimi. Günay bu yaxınlarda bir gənc ifaçının klipinə çəkilib və bəri başdan da özünü necə lazımdır sığortalayıb:

"Klipdəki geyimlərimiz də çox maraqlı oldu. Çimərlik geyimində kamera qarşısına keçməyim çox müzakirə olunacaq. Amma tənqidlərə hazıram. Mən model-aktrisayam. Lazım olsa, bikini də geyinərəm, hicab da bağlayaram. Onsuz da açıq geyinəndə tənqid edənlər, qapalı olanda tərifləmirlər".

Növbəti klipdə Günaydan daha maraqlı fantaziyalar gözləyirəm. Məsələn, əynində əyni hansısa klipə çəkilsə, həm də bir ilkə imza atmış olar. Əynində əyni e.

Əynində əyni demişkən, Aygün Kazımova bir zamanlar bu stili sevərdi. Amma indi nə yaş o yaş deyil, nə də Aygün həminki Aygün. Çimərlikdə çəkilən fotolarına baxdım. Hiss olunur ki, xalq artisti illərə böyük hesabla yenilməkdədir. Amma yenidən əməliyyata müraciət etməklə, heç olmasa "təsəlli qolu" vura bilər.

Vergilər Nazirliyi yenidən borclu müğənnilər barədə açıqlama yayıb. Deyiblər ki, müğənnilər dost-tanış adıyla vergidən yayınırlar. Deyirəm, kefsiniz e. Müğənninin yanında indicə villasından durub gəldiyi sevgilisinin kim olduğunu soruşurlar, deyir ki, qardaşımdır, o ki qaldı vergi məsələsi ola. Yəni bunlara nəyi isə sübut etmək üçün əllərində tutmaq belə işə yaramır.

Rəhmətlik İlhamə Quliyevanın miras davası da "Santa-Barbara" serialından betər olub. Sağlığında yanında olan, olmayan, orda-burda ağzını büzüb danışan, canım sizə desin, nifrət edən kim varsa, tökülüşüb mirasın üstünə. Hərə bir tərəfə dartır. Məhkəmə isə hələ ki bir qərar verməyib. Daha doğrusu, ilkin qərara görə, miras sənətkarın bacıları arasında bölünəcək. Vallah, məni qınamayın. Amma mən İlhamə xanım vəfat edəndən sonra bilmişəm ki, onun bacısı da varmış.

Sevimli aktrisa Sənubər İsgəndərli gözəllik sirlərini açıqlayıb və deyib ki, məhz idmanla belə gözəl qalmışam. Eşitdiyimə görə, Rəqsanə nə təhər acığa düşübsə, böyür-başındakı "jurnalistlərə" tapşırıq verib. Deyib ki, sabahdan "Rəqsanə gözəllik sirlərini açıqladı" adlı bir məqalə hazırlasınlar. Jurnalistlərdən də biri soruşub ki, Rəqsanə xanım, bəs birdən məsələ dərinləşsə, biz nə deyək? O da deyib ki, gözəlliyin düsturunu deyirəm, bir yerə qeyd edin ki, yadınızdan çıxmasın. Deməli, üç vedrə gel, bir vedrə silikon, qırx iki kilo da botoks. Qarışdırıb vurursan bədənə, olur gözəllik. Vəssalam, şüdtamam.

Xalq artisti Ramiz Novruzun qızıyla bağlı yazılanlar da geridə qalan həftənin müzakirə olunan mövzularından idi. Aktyorun qızı guya erməni stilist haqda yüksək fikirlər söyləyib və sair. Amma ən yaxşısını Ramiz müəllimin oğlu Cavidan edib. Yazıb ki, tüpürüb buradan getmək istəyirəm. Amma haraya tüpürüb, nə üçün tüpürüb getmək, bax onu anlamadım. Bircə bildiyim odur ki, heç bir ölkədə "xalq artistinin oğlu" statusu olmayacaq.

Ülvi Qılınc da görüb ki, Telli Borçalının elçiləri arta-arta gedir. Traktorçudan montajçıya qədər hamı düzülüb e elçi daşının üstünə. Bu da gəlib başını başlara qoşub ki, bəs ona quzu kəsərəm, gözələ gözəl deyərlər və sair. Bunu Ülvi efirdə deyib ha. Elə söhbətin bu yerində Tellinin illər öncə meyxanaçı Namiq Qaraçuxurlu haqda "Namiqin "vneşni" vidi də gözəldir" dediyi açıqlamanı şaqqıldadıblar süjetin düz ortasına. Eşitdiyimə görə, Ülvi bu açıqlamadan sonra stilistə müraciət edib ki, neyləyirsən, elə, təcili Namiq Qaraçuxurluya oxşat məni. Yoxsa Telli əldən çıxacaq. Hər nə isə, xeyirli olsun.

Mehriban Xanlarovanın da başı qalmaqaldan, söz-söhbətdən açılmaq bilmir. İndi də şayiə yayıblar ki, bir gənc müğənni aktrisanı intim fotolarıyla şantaj edir. Mehriban xanım da deyib ki, yalandır, böhtandır. Doğrusu, heç mənim də ağlıma batmadı. Bu yaşda nə intim foto bazarıdır axı?

Bu həftə mərhum əməkdar artist Xanım Qafarovanın vəfatından 2 il ötdü. Sosial şəbəkələrə fikir verdim, yalnız bir neçə sənət yoldaşı aktrisanı anmışdı. Allah rəhmət eləsin, Xanım! Dəyərli aktrisa və İNSAN idin. Amma nə yazıq ki, torpağın üzü soyuq, insanlar isə vəfasızdır.

Milli.Az